2026-cı ilin Qurban bayramı yaxınlaşdıqca, ənənəvi olaraq ət bazarlarında hərəkətlilik və qiymət artımı gündəmə gəlir. Hazırda paytaxt Bakıda quzu ətinin kiloqramı 21-22 manat, dana əti isə 18 manat civarında təklif olunsa da, mütəxəssislər bayram ərəfəsində bu rəqəmlərin dəyişəcəyini proqnozlaşdırırlar. Kənd təsərrüfatı ekspertlərinin rəyinə görə, son bir ayda artıq kiloqramda 50 qəpiklik artım müşahidə olunub və bayram günlərində diri heyvanların qiymətində əlavə 1 manatlıq bahalaşma gözlənilir. Bu isə quzu ətinin pərakəndə satış qiymətinin 23 manata çatacağı deməkdir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Cəfər Sadıqov bildirib ki, ətin qiymətindəki artım təkcə bayramla yox, həm də bazardakı struktur problemləri ilə bağlıdır: "Azərbaycanda ət bazarı tələb və təklif qanunları ilə yanaşı, həm də ciddi istehsalat problemlərinin təsiri altındadır. Qurban bayramı ərəfəsində xırdabuynuzlu heyvanlara tələbat kəskin artır, bu da təbii ki, qiymətləri yuxarı çəkir. Lakin əsas məsələ odur ki, ölkədə heyvan sayı getdikcə azalır. Yem xərclərinin artması, örüş sahələrinin məhdudlaşması və qlobal istiləşmənin yaratdığı quraqlıq fermerləri çətin vəziyyətə salıb. Fermer öz xərcini çıxarmaq üçün məhsulunu baha satmağa məcburdur. Digər tərəfdən, fermerin birbaşa bazara çıxış imkanlarının məhdud olması Bakıda qiymətlərin süni şəkildə daha da şişməsinə gətirib çıxarır".
Ekspertin sözlərinə görə, ət idxalının artması və havaların isinməsi qiymət üzərindəki təzyiqi müəyyən qədər azaltsa da, bayram amili hər şeyi dəyişir: "Dövlət Gömrük Komitəsinin hesabatları göstərir ki, ölkəyə ət idxalı artıb. Bu, bazarda təklifi artıraraq qiymətlərin sabit qalmasına kömək etməli idi. Həmçinin havaların isinməsi ilə heyvanların yaşıl yemə çıxışı asanlaşır ki, bu da maya dəyərini aşağı salır. Lakin bayram dövründə 'psixoloji bahalaşma' və 'bayram tələbatı' bu iqtisadi amilləri üstələyir. Alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, Qurban bayramı dini ayin olduğu üçün insanlar imkan daxilində heyvan almağa çalışırlar. Təəssüf ki, biz heyvandarlıq təsərrüfatlarını lazımi səviyyədə qoruya bilmirik; əgər daxili istehsal güclənməsə və fermerlərin xərcləri optimallaşdırılmasa, ətin qiymətində ucuzlaşma gözləmək xülyadır. Bayramdan sonra qiymətlər bir qədər stabilləşsə də, ümumi trend yuxarı doğru meyillidir".
Tunar,
NOCOMMENT.az











