ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İran hədəflərinə endirilən zərbələrdə İlon Maskın xAI şirkəti tərəfindən hazırlanan “Grok” süni intellekt alətindən yararlanıb. Bu barədə məlumatı “Wired” jurnalı hərbi qurumun rəqəmsal texnologiyalar və süni intellekt üzrə baş direktoru Kemeron Stenliyə istinadən yayıb.
NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, “Grok” artıq Pentaqonun hədəf müəyyən etmə proqramı olan “Maven Smart Systems” (MSS) layihəsi çərçivəsində tətbiq olunur. Qeyd edək ki, bu proqram ilkin mərhələdə “Anthropic” şirkətinin “Claude” modeli əsasında fəaliyyət göstərirdi, lakin sonradan Maskın texnologiyasına keçid edilib.
Kemeron Stenli “Grok”un imkanlarını yüksək qiymətləndirərək, bu modelin idarəetmə sisteminə inteqrasiyası sayəsində əməliyyat effektivliyinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Onun sözlərinə görə, MSS-in intellektual sistemləri ABŞ qüvvələrinə görünməmiş sürət və dəqiqlik nümayiş etdirməyə imkan verib:
“MSS sistemləri Amerika qoşunlarına “Epik qəzəb” (“Epic Fury”) əməliyyatı zamanı 96 saat ərzində 2 min müxtəlif hədəfə 2 mindən çox döyüş sursatı tətbiq etməyə imkan verib”.
Hərbi ekspertlər Pentaqonun İlon Maskın texnologiyalarına bu dərəcədə güvənməsini və onu birbaşa döyüş əməliyyatlarına inteqrasiya etməsini süni intellektin müasir müharibələrdəki rolunun yeni və kritik mərhələsi kimi qiymətləndirirlər.
Sara,











