Rusiyanın Bryansk vilayətində mülki vətəndaşlara, o cümlədən azyaşlı uşaqlara qarşı ağır terror aktı törədilib. Belarusdan gələn uşaq futbol komandasını daşıyan avtobus pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alınıb.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə uşaqlar Qomel şəhərindən istirahət üçün Gelencikə yola düşərkən baş verib. Bryansk vilayəti ərazisindən keçən avtobus PUA-nın hücumuna məruz qalıb. Partlayış nəticəsində qrupu müşayiət edən qadınlardan biri dünyasını dəyişib.
Bryansk vilayətinin qubernatoru vəzifəsini icra edən Kovalyuk hadisə ilə bağlı açıqlamasında bildirib ki, terror hücumu nəticəsində daha altı nəfər xəsarət alıb. Yaralıların dördü uşaqdır və onlar dərhal xəstəxanaya yerləşdirilərək tibbi yardım göstərilib. Məlumata görə, avtobusda ümumilikdə 44 nəfər olub ki, onlardan 28-i uşaqlardır. Digər sərnişinlərin yaxın vaxtlarda Belarusa qaytarılması planlaşdırılır.
Rəsmi Minsk baş vermiş hadisəni sərt şəkildə pisləyib. Belarus Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda hücumu növbəti terror aktı kimi qiymətləndirib:
"Belarus vətəndaşlarını, o cümlədən uşaqları daşıyan mülki avtobuslara edilən hücumu qətiyyətlə pisləyirik. Biz bunu dinc əhaliyə qarşı növbəti terror aktı hesab edir və Ukrayna tərəfindən ətraflı izahat tələb edirik".
Hadisə ilə bağlı Belarusun İstintaq Komitəsi tərəfindən cinayət işi başlanılıb və araşdırmalara başlanılıb.
Sara,
NOCOMMENT.az











