2026-cı ilin yanvarında, hələ heç bir bomba düşmədən, İranda tamam başqa bir mənzərə mövcud idi: ölkənin qərb bölgələrində, Kuhdəşt, Əznə və Lordəgan kimi əsasən lur azlığının yaşadığı yerlərdə yanacaq və çörək qiymətlərinə qarşı başlayan etirazlar günlər ərzində kəskin toqquşmalara çevrilmiş, hökumət interneti bağlamış və neçə gün sonra məlum olmuşdu ki, təhlükəsizlik qüvvələri onlarla insanı güllələyib.
İslam İnqilabından bəri ölkədəki səkkizinci böyük etiraz dalğası olan bu hadisələr zamanı London, Toronto və Sürixdə sürgündəki şahzadə Rza Pəhləvinin ətrafında toplaşan diaspora nümayişçiləri rejimin son aylarını yaşadığına əmin idi. BMT-nin insan haqları komissarı Volker Türk sonradan bildirəcəkdi ki, ilin əvvəlindən bəri İranda milli təhlükəsizlik əsasında ən azı 40 nəfər, o cümlədən 18 etirazçı edam edilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a açıqlama verən siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, bir aydan bir qədər sonra Xameneinin öldürülməsi ilə regionda bütün proqnozları alt-üst edən gözlənilməz geosiyasi proseslər baş verdi: "Süqut həddinə yaxınlaşdığı düşünülən rejim yox olmaq əvəzinə, elə fevralın 28-i axşamı Tehranın mərkəzində bayraqla, Amerika və İsrail əleyhinə şüar səsləndirən izdihamla cavab verdi. Mart ayı boyu bu mənzərə onlarla şəhərdə həftələrlə davam etdi, dövlət televiziyası bunu xalqın həqiqi səsi kimi təqdim etdi. Körfəz məsələləri üzrə analitik qrup AGSI-nin martda yayımladığı təhlilə görə, bu, klassik bir bayraq ətrafında birləşmə effekti idi. Xarici hərbi təzyiq rejimə daxili müxalifəti vətənə xəyanət damğası ilə sıxışdırmaq imkanı yaratmışdı".
Onun sözlərinə görə, yanvarda öz xalqına atəş açan hökumət fevralda həmin xalqın milli birlik şüarı altında yenidən ətrafına yığışdığını gördü, çünki düşmən artıq Tehrandakı zalım deyil, Vaşinqton və Yerusəlim idi: "İyunda isə həmin hökumət lideri öldürülmüş, infrastrukturu qismən dağıdılmış, amma struktur etibarilə ayaqda olan quruluş danışıqlar masasında milyardlarla dollarlıq sanksiya yüngülləşməsi və bərpa vədi alırdı. Sual sadədir: əgər niyyət İranın öz əli ilə bu rejimdən qurtulması idisə, niyə zərbə məhz xalqın səsini boğan, rejimi milli müdafiəçi qismində təqdim edən bir anda endirildi? Əgər niyyət sadəcə nüvə proqramının dayandırılması idisə, niyə bu indi tarixin ən böyük maliyyə həvəsləndirməsi ilə müşayiət olunur? Netanyahunun dolayı etirafı rejim dəyişikliyinin heç vaxt rəsmi hədəf olmadığını bunu bir qədər aydınlaşdırsa da, sualın özünü aradan götürmür, çünki nəticə dəyişmir. Bombalanan rejim sağ qalıb, indi həm sığortalanır, həm də öz keçmiş düşməninin yanında, üçüncü tərəfə qarşı oturur. Bu naxış yeni deyil, tarix bunu dəfələrlə təkrarlayıb fərqli paytaxtlarda, fərqli onilliklərdə, təəccüblü dərəcədə oxşar bir nəticə ilə bitəcək".
Tunar,
NOCOMMENT.az











