Polis media fenomenini saxladı - İstintaq genişlənir

Polis media fenomenini saxladı - İstintaq genişlənir

Sosial media fenomeni və "Babala TV"-nin yaradıcısı Oğuzhan Uğur "Ahbap" Dərnəyinə qarşı aparılan genişmiqyaslı istintaq çərçivəsində nəzarətə alınıb.

NOCOMMENT.az xəbər verir ki, İstanbul hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Uğurun evində axtarış aparılıb və o, ilkin dindirilmə üçün Vətən Təhlükəsizlik İdarəsinə aparılıb.

İstintaqın mahiyyəti və ittihamlar

İstanbul Respublika Prokurorluğunun koordinasiyası ilə Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq "cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma", "dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" maddələrini əhatə edir. MASAK hesabatları və texniki izləmələrdə şübhəlilərin maliyyə profillərinə uyğun olmayan böyük məbləğli pul dövriyyələri, qumar oyunlarına qeyri-adi pul köçürmələri və şübhəli torpaq (tapu) alqı-satqısı faktları aşkar edilib.

Daha əvvəlki həbslər

İyulun 12-də keçirilən ilk əməliyyatda "Ahbap" Dərnəyinin qurucusu Haluk Levent də daxil olmaqla, dərnək üzvləri və əməkdaşlarından ibarət 17 nəfər saxlanılmışdı. İstintaqın davamında saxlanılanların sayı 26-ya çatıb. Məhkəmənin qərarı ilə Haluk Levent də daxil olmaqla 14 nəfər həbs edilib, 11 nəfər barəsində isə məhkəmə nəzarəti (ev dustaqlığı və ya digər tədbirlər) tətbiq olunub. Əməliyyatlar İstanbul, İzmir, Kocael və Muğla şəhərlərində davam etdirilib.

Oğuzhan Uğur kimdir?

1984-cü il təvəllüdlü Oğuzhan Uğur sənətçi və məzmun istehsalçısı kimi tanınır. "Babala TV" kanalında yayımlanan "Mevzular Açık Mikrofon" proqramı ilə geniş populyarlıq qazanan Uğur, Kahramanmaraş zəlzələləri zamanı Haluk Leventlə birgə apardığı yardım kampaniyaları ilə gündəmə gəlmişdi. Hazırda onun saxlanılmasının səbəbləri və istintaqın növbəti mərhələləri ilə bağlı rəsmi məlumat verilməyib.

Sara,
NOCOMMENT.az