Rusiya qonşu ölkələrdə bunu etməyə çalışır - Xəbərdarlıq

Rusiya qonşu ölkələrdə bunu etməyə çalışır - Xəbərdarlıq

Rusiya qonşu ölkələrdə yaşayan "rus icmalarına" vətəndaşlıq verməyi planlaşdırır. Rusiya Prezidenti Vladimir Putinin “Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığına qəbulu haqqında” yeni fərman imzalaması Moskvanın postsovet məkanındakı separatçı regionlarda yaşayan əhaliyə Rusiya pasportlarının verilməsi siyasətindən əl çəkmədiyini növbəti dəfə nümayiş etdirir. Daha əvvəl Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya bölgələrində yaşayan insanlara kütləvi şəkildə Rusiya vətəndaşlığı verilməsi də bu məlum geosiyasi strategiyanın tərkib hissəsi olub. Moldova ərazisində yerləşən və beynəlxalq hüquq tərəfindən tanınmayan separatçı Dnestryanı bölgə sakinlərinə belə bir vətəndaşlığın verilməsi mexanizmi rəsmi Moskvanın regiona birbaşa təsir, təzyiq və müdaxilə siyasətinin ardıcıl davamıdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Kremlin həyata keçirdiyi bu "pasportlaşdırma" taktikası qonşu müstəqil dövlətlərin suverenliyinə qarşı yönəlmiş ciddi təhdiddir:

"Ümumilikdə, Rusiyanın bu yanaşması qonşu dövlətlər üzərində siyasi təsir imkanlarını genişləndirməyə və gələcək hərbi-siyasi təzyiq mexanizmləri formalaşdırmağa xidmət edir. Bir regionda Rusiya vətəndaşlarının sayının süni şəkildə artırılması, gələcəkdə həmin ərazilərə 'öz vətəndaşlarını qorumaq' bəhanəsi ilə hərbi müdaxilə edilməsinə hüquqi zəmin hazırlanması deməkdir. Növbəti mərhələdə bu tip addımların Qazaxıstanın şimal ərazilərində yaşayan ruslara və ya digər postsovet ölkələrindəki rus icmalarına münasibətdə də tətbiq olunması tamamilə mümkündür. Bu siyasət Rusiyanın qonşu ölkələrlə münasibətlərində etimadsızlığı son həddə çatdırır və həmin dövlətlərdə milli müdafiə və təhlükəsizlik siyasətinin kəskin şəkildə sərtləşməsinə rəvac verir".

Onu da qeyd etmək lazımdır ki, Moskvanın oxşar təhlükəli yanaşmanı vaxtilə Qarabağda yaşayan ermənilərə münasibətdə də tətbiq etməyə çalışdığına dair müvafiq məlumatlar mövcud idi. Lakin Azərbaycan dövləti vaxtında və qətiyyətlə həyata keçirdiyi diplomatik, siyasi və hərbi addımlarla, xüsusilə suverenliyini bütün ölkə ərazisində bərpa etməklə belə bir separatizm tərkibli ssenarinin qarşısını tamamilə aldı. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi zamanı istifadə etdiyi rəsmi arqumentlər və ritorika da açıq şəkildə göstərir ki, xaricdə yaşayan rusdilli əhalinin və ya Rusiya vətəndaşlarının “müdafiəsi” tez-tez ərazi bütövlüyünə qəsd etmək üçün əsas siyasi və geosiyasi alət kimi təqdim olunur.

Onun sözlərinə görə, mövcud qlobal və regional mənzərə postsovet ölkələrinin daxili hüquqi bazasını daha da gücləndirməsini mütləq edir: "Bu baxımdan Azərbaycanın ölkə vətəndaşlarına münasibətdə xarici dövlətlərin birtərəfli hüquqi qərarlarının, o cümlədən ikili vətəndaşlıq cəhdlərinin tətbiqini məhdudlaşdıran qanunvericilik mexanizmlərini daha da gücləndirməsi, milli təhlükəsizlik arxitekturasını təkmilləşdirməsi vacibdir. Biz hüquqi müstəvidə də daxili məkanımızı bu növ manipulyasiyalardan tam qorumalıyıq".

Politoloq bildirib ki, Rusiya rəhbərliyi klassik hərbi metodlarla yanaşı, hibrid müharibə elementlərindən də maksimum istifadə etməyə üstünlük verir: "Ekspert qruplarının da qeyd etdiyi kimi, Rusiya rəsmi səviyyədə yumşaq güc (soft power), pasport siyasəti və media vasitəsilə informasiya təsiri rıçaqlarını sinxronlaşdıraraq qonşu ölkələr üzərindəki hərbi-siyasi təzyiq imkanlarını maksimum artırmağa çalışır. Bu isə regionda formalaşmış kövrək təhlükəsizlik balansına, sərhədlərin toxunulmazlığı prinsipinə və bütövlükdə dövlətlərarası normal münasibətlərə birbaşa dağıdıcı təsir göstərir".