Rusiya paytaxtı yaxınlığında yüksəkrütbəli hərbçiyə qarşı növbəti səs-küylü sui-qəsd hadisəsi törədilib. İlkin məlumatlara görə, hadisə peşəkar şəkildə planlaşdırılmış terror aktı xarakteri daşıyır.
NOCOMMENT.az xəbər verir ki, hadisə Moskva vilayətinin Balaşixa şəhərində qeydə alınıb. Yerli hüquq-mühafizə orqanları və mətbuat vasitələri partlayış nəticəsində həyatını itirən şəxsin Rusiya Silahlı Qüvvələrinin general-leytenant rütbəli yüksəkrütbəli hərbçisi olduğunu bildirir.
İstintaq qrupunun ilkin qənaətinə əsasən, naməlum şəxslər tərəfindən qabaqcadan hazırlanmış əlqayırma partlayıcı qurğu (bomba) generalın idarə etdiyi "BMW" markalı minik avtomobilinə yerləşdirilib.
Ölümcül konstruksiya nəqliyyat vasitəsi hərəkətdə olarkən məsafədən idarəetmə və ya xüsusi taymer vasitəsilə işə salınıb və güclü partlayış baş verib. Hadisə nəticəsində avtomobildə olan yüksəkrütbəli zabit aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçinib. Hazırda hadisə yerinə Rusiya İstintaq Komitəsinin və Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları cəlb olunub, faktla bağlı cinayət işi açılıb və cinayəti törədənlərin müəyyən edilməsi istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.












