Ukrayna Prezidenti Volodimir Zelenski rəsmi Telegram kanalında Rusiya ordusunun ölkəsinə qarşı həyata keçirdiyi son kütləvi raket və dron hücumlarına münasibət bildirib. O, Moskvadan gələn təhdidlərə kəskin reaksiya verərək beynəlxalq birliyi daha ciddi addımlar atmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, Ukrayna lideri gecə saatlarından etibarən bütün xilasetmə xidmətlərinin gücləndirilmiş iş rejimində çalışdığını və zərərçəkənlərə dövlət tərəfindən hər cür yardımın göstəriləcəyini bəyan edib.
Zelenski hücumun miqyası və fəsadları barədə bu rəqəmləri açıqlayıb: "Gün başlayandan bəri ən azı 83 nəfərin xəsarət aldığı məlumdur. Təəssüf ki, həlak olanlar var. Doğmalarını itirənlərə başsağlığı verirəm. Çox ağır bir zərbə idi – 90 müxtəlif tipli raket atılıb ki, onların da 36-sı ballistikdir. Eyni zamanda 600 dron buraxılıb. Təəssüf ki, ballistik raketlərin hamısını vurmaq mümkün olmadı. Zərbələrin əksəriyyəti Kiyevə yönəlmişdi, Rusiya hücumunun əsas hədəfi məhz paytaxt idi".
Ukrayna prezidenti Rusiya lideri Vladimir Putini və onun hərbi strategiyasını sərt dillə tənqid edib: "Putin artıq normal şəkildə 'ura' sözünü belə tələffüz edə bilmir – nəfəsi kəsilir, amma yenə də öz raketləri ilə yaşayış binalarını məhv edir. Su təchizatı obyektinə üç raket vurublar, bazarı yandırıblar, onlarla yaşayış binasına, bir neçə adi məktəbə ziyan vurublar. Belaya Serkov şəhərinə qarşı öz 'oreşnik'ini işə salıb. Real olaraq qeyri-adekvatdırlar. Bu addımların Rusiya üçün nəticəsiz qalmaması çox vacibdir".
Zelenski çıxışının sonunda müttəfiqlərdən gələn hərbi və siyasi dəstəyin önəmini vurğulayaraq qətiyyətli qərarların qəbul edilməsinin vacibliyini qeyd edib: "Biz sülhü bərqərar etmək və insanları qorumaq üçün əlimizdən gələni edirik. Bu yolda Ukraynanın tək qalmaması fundamental əhəmiyyət kəsb edir. Həm Amerika Birləşmiş Ştatlarından, həm Avropadan, həm də digər tərəfdaşlarımızdan elə qərarlar lazımdır ki, Moskvadakı o qoca 'oreşnik' (fındıq ağacı) nəhayət 'sülh' sözünü tələffüz etsin".
Sara,
NOCOMMENT.az












