İndoneziyanın Açe bölgəsində TikTok-da canlı yayım zamanı öpüşən evli olmayan gənc cütlük şəriət qanunlarını pozduqları üçün hər biri 21 şallaq cəzasına məhkum edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, 22 yaşlı kişi və 25 yaşlı qadın TikTok-da canlı yayım zamanı öpüşdükləri üçün Açe Şəriət Məhkəməsi tərəfindən təqsirli biliniblər. Məhkəmənin qərarı ilə hər iki şəxsə 21 şallaq vurulub.
Cəza açıq məkanda icra olunub və təxminən 100 nəfər tərəfindən izlənilib.
Bildirilib ki, cütlük fevralın 27-də Banda Açe şəhərində avtomobildə öpüşdükləri anları TikTok-da canlı yayımlayıb. Görüntülər aidiyyəti qurumlara bildirildikdən sonra onlar aprel ayında saxlanılıb və barələrində məhkəmə prosesi başlanıb.
Qeyd edək ki, Açe İndoneziyada şəriət qanunlarının tətbiq olunduğu yeganə bölgədir. Ölkənin mərkəzi hökuməti 2006-cı ildə separatçı münaqişənin başa çatdırılması üzrə sülh sazişi çərçivəsində bölgəyə İslam hüququnu tətbiq etmək səlahiyyəti verib.\\BAKU.WS











