Türkiyə gəmisinə dron hücumu: Cavab gecikmədi

Türkiyə gəmisinə dron hücumu: Cavab gecikmədi

İyunun 22-si səhər saatlarında Qara dənizdə növbəti insident qeydə alınıb. Türkiyə Xarici İşlər Nazirliyi Panama bayrağı altında üzən türk yük gəmisinin Çernomorsk limanı yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldığını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, hücum nəticəsində gəmi heyətində olan iki Türkiyə vətəndaşı xəsarət alıb.

Ankaradan verilən açıqlamada bildirilir ki, yaralıların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı baş konsulluğu vasitəsilə yaxından izlənilir. Türkiyə XİN qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən bu cür hücumlar Türkiyənin maraqlarına və Qara dənizdə regional təhlükəsizliyə ciddi təhdid yaradır. Rəsmi Ankara tərəflərə bu məsələ ilə bağlı narahatlığını çatdırıb.

Nazirliyin bəyanatında vurğulanır: "Qara dənizdə mülki gəmilərin üzgüçülük təhlükəsizliyinin təmin edilməsi ölkəmizin əsas prioritetlərindən biridir və biz bütün maraqlı tərəfləri regionda gərginliyi azaltmaq üçün zəruri addımlar atmağa çağırırıq".

Əli Səfərli, NOCOMMENT.az