Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın cənub bölgələrində yerləşən strateji infrastruktur obyektlərinə genişmiqyaslı zərbələr endirib.
NOCOMMENT.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Slüsar bildirib ki, Azov şəhərində iki neft məhsulları saxlama anbarı dron hücumu nəticəsində alışıb. İlkin məlumatlara görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
Eyni zamanda, Taqanroq şəhərində yerləşən Dəniz Limanının ərazisində də güclü yanğın qeydə alınıb. Hələlik zərərçəkənlər barədə rəsmi məlumat verilməsə də, hücumun miqyasının böyük olduğu bildirilir. Azov rayonunun Kaqalnik kəndində isə dron zərbələri nəticəsində inzibati bina yanğına məruz qalıb. Yerli hakimiyyət orqanları yanğının artıq tam lokallaşdırıldığını və xəsarət alanların olmadığını açıqlayıb.
Ukrayna Telegram kanallarının yaydığı məlumatlara görə, hücumların hədəfi təkcə Azov neft bazası deyil, həmçinin Azov Optik-Mexanika Zavodu və ya "DonTerminal" MMC-yə məxsus neft terminalı ola bilər. Hücum dalğası təkcə Rostovla məhdudlaşmayıb; Krasnodar diyarında yerləşən İlya Neft Emalı Zavodunda (NEZ) da PUA qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Regional operativ qərargahdan verilən açıqlamaya görə, dron hissələri Severskaya kəndindəki bir fərdi evin həyətinə və müəssisənin ərazisinə düşüb. Rusiya müvafiq qurumları hadisə yerlərində araşdırmalara davam edir.
Əli Səfərli,
NOCOMMENT.az











