Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən Qarabağ kanalının hazırkı antisanitar vəziyyəti yerli sakinlərin ciddi etirazına və narahatlığına səbəb olub. Kənd sakinləri kanalın baxımsızlığı və ətrafda yaranan kəskin qoxu ilə bağlı redaksiyamıza müraciət edərək problemin ictimailəşməsini xahiş ediblər.
NOCOMMENT.az xəbər verir ki, kənd sakinləri kanalın mövcud vəziyyətinin həm ətraf mühit, həm də əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirirlər. Sakinlərin sözlərinə görə, suyun çirklənməsi və kanal kənarına atılan tullantılar bölgədə sanitariya normalarının kobud şəkildə pozulmasına gətirib çıxarıb.
Problemin uzun müddətdir davam etdiyini deyən Aşağı Avşar kənd sakinləri qeyd edirlər ki, yay aylarının yaxınlaşması və havaların isinməsi vəziyyəti daha da dözülməz edir. Kanalın məişət tullantıları ilə dolması nəticəsində yaranan qoxu evlərin içərisinə qədər hiss olunur, eyni zamanda müxtəlif həşəratların və infeksiya mənbələrinin artmasına şərait yaradır.
Sakinlər aidiyyəti dövlət qurumlarından Qarabağ kanalının Aşağı Avşar kəndi ərazisindən keçən hissəsinin təmizlənməsini və antisanitar vəziyyətin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirlər. Əks təqdirdə, bölgədə ekoloji fəlakətin və kütləvi xəstəliklərin yaranması qaçılmaz ola bilər.
Sara,











