Cəlilabadda çiyələk sahələri məhv oldu - SƏBƏB

Cəlilabadda çiyələk sahələri məhv oldu - SƏBƏB

Cəlilabadda intensiv yağıntılar çiyələk təsərrüfatına ciddi ziyan vurub.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar Cəlilabad rayonunda çiyələk təsərrüfatlarına ciddi ziyan vurub. Xüsusilə açıq sahələrdə becərilən çiyələk plantasiyalarında məhsuldarlıq kəskin şəkildə azalıb.

Fermerlər deyir ki, uzunmüddətli yağışlar və havanın yüksək rütubətli keçməsi nəticəsində çiyələk sahələrində müxtəlif göbələk xəstəlikləri yayılıb. Bu da məhsulun keyfiyyətinə mənfi təsir göstərərək onun 50-60 faizinin yararsız hala düşməsinə səbəb olub. Məhsul itkisi onların gəlirlərini əhəmiyyətli dərəcədə azaldıb, eyni zamanda istehsal xərclərinin artmasına gətirib çıxarıb. Təsərrüfat sahibləri çəkdikləri ziyanın bir hissəsini kompensasiya etmək üçün hava şəraitinin yaxın günlərdə stabilləşəcəyinə və məhsulun bazarda daha sərfəli qiymətə satılacağına ümid edirlər.

Mütəxəssislər isə rütubətli hava şəraitində xəstəliklərin qarşısının alınması üçün aqrotexniki tədbirlərin vaxtında görülməsinin vacibliyini vurğulayırlar. Hazırda fermerlər qalan məhsulu qorumaq və itkiləri minimuma endirmək üçün mübarizə tədbirlərini davam etdirirlər.

NOCOMMENT.az