Gəncədə oğlan ona salam veriləndə ayağa qalxmadığına görə döyüldü

Gəncədə oğlan ona salam veriləndə ayağa qalxmadığına görə döyüldü

Gəncə Dəmiryol vağzalının yaxınlığında iki nəfər arasında yaranan mübahisə cinayətlə nəticələnib.

NOCOMMENT.az xəbər verir ki, Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü Fərid əvvəllər tanımadığı Natiqlə (adlar şərtidir – red.) mübahisə edib.

Onların arasında mübahisə salam vermək üstündə yaranıb. 17 yaşlı oğlan Natiqə salam verib. Natiq isə onun salamını oturduğu yerdə alıb.

Belə ki, Fərid tanımadığı Natiqə verdiyi salamı alarkən niyə ayağa qalxmadığını bəhanə edərək onu qəsdən yumruq və təpik zərbələri ilə vurub. Nəticədə zərərçəkmişin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib.

Fərid barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdığını deyib. Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə təqdim edərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Zərərçəkmiş Natiq ifadəsində göstərib ki, təqsirləndirilən şəxs siqaret götürmək üçün gəldiyi zaman salamlaşıblar:

“Mən ayağa qalxmadığımdan aramızda mübahisə yarandı. Bu zaman Fərid məni vurdu”.

Sonda zərərçəkmiş məhkəməyə yazılı ərizə təqdim edib. O, təqsirləndirilən şəxslə barışdığını və ona cəza təyin edilməməsini istəyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 1.13-cü və 5.1-ci yarımbəndləri tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub.

Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin nəzarət altına verilməsi qətimkan tədbiri də ləğv edilib.