Bakıda tanınmış şirkət CƏRİMƏLƏNDİ

Bakıda tanınmış şirkət CƏRİMƏLƏNDİ

Bakıda fəaliyyət göstərən “MODİN” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) qanunvericiliyin tələblərini pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.

NOCOMMENT.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən şirkətdə yoxlama aparılıb. Məlum olub ki, 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqı 400 manat müəyyən edilsə də, müəssisədə işçilərin əmək müqavilələrində əməkhaqqı bundan aşağı göstərilib.

Aşkarlanan pozuntu ilə bağlı şirkətə 10 iş günü ərzində tam iş ştatında çalışan əməkdaşların maaş göstəricilərini "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) 400 manata çatdırmaq və görülən işlər barədə idarəyə rəsmi məlumat vermək tapşırılıb.

Qanun pozuntusu səbəbindən “MODİN” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin çıxardığı qərara əsasən, şirkət 2 000 manat məbləğində cərimə olunub.

Xatırladaq ki, 2019-cu ildən fəaliyyət göstərən və rəhbəri Reyhan Səfərova olan “MODİN” MMC-nin hazırda dövlət büdcəsinə 31.5 min manat vergi borcu var./yenisabah/