Nazir müavininin “pulsuz avtobus” fikri qalmaqal yaradıb: Əslində necə olub?

Nazir müavininin “pulsuz avtobus” fikri qalmaqal yaradıb: Əslində necə olub?

“Açığı, mən özüm də o tədbirdə idim və Rəhman bəy elə bir söz demədi. Niyə belə fikirlər paylaşdılar, bilmirəm. Dəfələrlə qeyd etdi ki, mən belə bir şey demək istəmirəm. Məsələni kontekstdən çıxardılar. Nə üçün onun adından belə bir şey yazdıqlarını bilmirəm. Bu elə bir məsələdir ki, avtobus ödənişli də olsa, ödənişsiz də olsa, problem həllini tapmır”.

Bunu nəqliyyat eksperti Raqif Raufoğlu bildirib. O qeyd edib ki, burada əsas məsələ sərnişinlərin əlavə pul xərcləmədən təyinat ünvanına rahat şəkildə çatdırılmasıdır:

“Həmin tədbirdə də qeyd olundu ki, əsas prioritet budur. Ümumiyyətlə, "28 May" və "Nizami" metrostansiyaları arasında ekspress marşrut xətləri olmayacaq. Heç bu barədə yazan da yoxdur. Orada ekspress marşrutları elə seçiblər ki, sərnişin "28 May"dan çıxıb "Nizami"yə gedirsə, onun haradan gəlməsi nəzərə alınacaq. Buna uyğun olaraq 6 istiqamətdə ekspress marşrut fəaliyyətə başlayacaq.

Üstəlik, orada bildirildi ki, monitorinqlər davam etdiriləcək və nəzərdən qaçan istiqamətlər də sonradan əlavə olunacaq. Hazırda sərnişin axınının daha çox olduğu istiqamətlər əsas götürülüb.

Müzakirə olunan əsas məsələlərdən biri də bu idi ki, avtobuslar tam ödənişsiz olarsa, sərnişin axınına nəzarət etmək çətinləşə və sistemi idarə etmək mümkün olmaya bilər.

Burada əsas məsələ marşrutların düzgün təşkili və ictimaiyyətə doğru çatdırılmasıdır. Əgər kimsə "Gənclik"dən "Elmlər Akademiyası"na və ya "20 Yanvar"a gedirsə, onun əlavə marşrut axtarmasına ehtiyac qalmayacaq. Xətlər elə təşkil ediləcək ki, avtobuslar həmin istiqamətlər üzrə hərəkət etsin. Bunun üçün "28 May"a gəlib əlavə avtobusa minməyə ehtiyac olmayacaq. Hazırda "Elmlər Akademiyası", "İnşaatçılar" və digər istiqamətlər üzrə avtobuslar xəttə buraxılacaq. Xüsusilə tələbələrin sıx istifadə etdiyi istiqamətlərə daha çox diqqət yetiriləcək”.

R.Raufoğlu bildirib ki, burada əsas problemlərdən biri bəzi layihələrin gecikməsidir:

“Uzun müddətdir deyirik ki, tələbə və digər güzəştli kartlar tətbiq olunsun. Bildirilirdi ki, sistem hazırdır və yaxın vaxtlarda istifadəyə veriləcək, lakin bu baş vermədi. Madam ki, bu əlavə marşrutların xərcini dövlət qarşılayır, həmin kartlar vasitəsilə də tələbələrə müəyyən güzəştlər tətbiq oluna bilərdi. Təəssüf ki, bu sistem hələ qurulmayıb.

Ümumilikdə isə metro ilə bağlı problemlər vaxtında həll edilməlidir ki, sonradan gecikmələrlə üzləşməyək. Çünki gələcəkdə daha 10 yeni metro stansiyasının tikintisi nəzərdə tutulur. Hazırda "28 May" metrostansiyası həddindən artıq yüklənib. Bu stansiyada həm "İçərişəhər", həm də "Dərnəgül" istiqamətinə gedən sərnişinlər eyni platformadan istifadə edir. Buna görə də insanlar bəzən bir qatarı buraxaraq digərini gözləməli olurlar. Metro nə qədər sürətli olsa da, bu problem qalır. Xətlərin ayrılması nəticəsində "Ağ Şəhər" və "Xətai" istiqamətlərində ayrıca xətlər yaradılacaq və "28 May" stansiyasının yükü əhəmiyyətli dərəcədə azalacaq”.

Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun metropolitendə xətlərin ayrılması layihəsi çərçivəsində ekspress avtobuslardan istifadə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Onun “Pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” fikri müxtəlif reaksiyalarla qarşılanıb.\\yenisabah