Qara dənizdə Ukraynaya kömür daşıyan GƏMİDƏ PARTLAYIŞ

Qara dənizdə Ukraynaya kömür daşıyan GƏMİDƏ PARTLAYIŞ

Ötən gecə Qara dənizdə Liberiya bayrağı altında üzən, Amerika Birləşmiş Ştatlarının Norfolk şəhərindən Ukraynaya kömür daşıyan yük gəmisində partlayış baş verib.

Rumıniyanın Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar Departamentinə istinadla yaydığı xəbərə əsasən, hadisənin dəniz minasının işə düşməsi və ya dron hücumu nəticəsində baş verdiyi güman edilir.

Qurumdan bildirilib ki, qəza "Christiana B" adlı quru yük gəmisi Rumıniyanın xüsusi iqtisadi zonasında, Sfıntu-George limanının təxminən 22 dəniz mili cənub-şərq hissəsində hərəkətdə olarkən yaşanıb.

Gəmi kapitanının məlumatına görə, yaralanan yoxdur.

Hadisə yerinə yardım göstərmək üçün Rumıniyanın Dənizdə İnsan Həyatının Xilas Edilməsi Agentliyinin "SAR Apollo" və "SAR Artemis" gəmiləri ilə yanaşı, xilasedici helikopter də cəlb olunub.

Xatırladaq ki, iyulun 21-də Qara dənizdə, Sfıntu-George sahillərindən 14 dəniz mili aralıda Liberiya bayrağı ilə SPQ yükü daşıyan gəmidə də yanğın qeydə alınmış və üç nəfər yaralanmışdı. O zaman Rumıniya Prezidenti Nikuşor Dan gəminin hücuma məruz qaldığını bildirmişdi./oxu,az/