Ruslar benzin üstündə bir-birini "qırır" - VİDEO

Ruslar benzin üstündə bir-birini "qırır" - VİDEO

Rusiyada bir müddətdir müşahidə olunan yanacaq qıtlığı artıq vətəndaşların səbrini daşırıb. Yanacaq doldurma məntəqələrində (YDM) yaranan uzun növbələr ciddi gərginliklərə və fiziki qarşıdurmalara səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, növbədə duran sürücülər arasında yaşanan mübahisə növbəti dəfə kütləvi davaya çevrilib. İnsidentə səbəb qadın sürücülərdən birinin qaydaları pozaraq növbədənkənar benzin doldurmaq istəməsi olub.

Belə ki, qadının öz avtomobilini növbədən kənar yanacaqpaylayıcı kolonun qarşısına sürməsi ətrafdakı digər sürücülərin hiddətinə səbəb olub. Mübahisəyə qoşulan şəxslərin qadının avtomobilinə yaxınlaşması ilə vəziyyət daha da gərginləşib. Şahidlərin verdiyi məlumata görə, tərəflər arasında başlayan sözlü mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib.

Hadisə yerinə gələn digər vətəndaşların və YDM əməkdaşlarının müdaxiləsi ilə davaya son qoyulsa da, yanacaq qıtlığı fonunda bölgədəki vəziyyət kritik həddə çatıb.

Sosial şəbəkələrdə yayılan görüntülər Rusiyadakı yanacaq böhranının miqyasını və insanların gərgin vəziyyətini açıq şəkildə nümayiş etdirir.