Azərbaycanda kiçik və orta kənd təsərrüfatı sahibkarlarının, fermerlərin vəziyyəti acınacaqlı olaraq qalmaqdadır. Kreditlər və şəxsi vəsaitlər hesabına torpağa investisiya qoyan kəndli mövsüm zamanı dəllalların və ara alverçilərinin açıq soyğunu ilə üz-üzə gəlir. Hazırda sahələrdə yetişən pomidor fermerin əlindən cəmi 20-30 qəpiyə alınır. Halbuki həmin məhsul paytaxtın böyük market şəbəkələrində və bazarlarında 1 manat 50 qəpik, 1 manat 80 qəpik, hətta 2 manata təklif olunur.
Bu, 300-500% arası süni qiymət artımı deməkdir. Sahədən məhsulun yığılması və yüklənməsi xərclərini də bura əlavə etdikdə, 20 qəpiklik satış fermerin çəkdiyi xərcin 10%-ni də ödəmir. Bu acınacaqlı vəziyyətin qarşısını almaq üçün rayonlarda mərkəzləşmiş məhsul tədarükü anbarlarının tikilməsi, fermerlə iri şəbəkə marketləri arasındakı dəllal zəncirinin qırılması zəruridir. Əks halda ən böyük qazancı alverçilər götürür, kəndliyə isə heç nə qalmır.

NOCOMMENT.az xəbər verir ki, ölkənin aqrar sektorunda kök salmış inhisarçı meyllər və süni qiymət manipulyasiyaları təkcə istehlakçıların cibinə ziyan vurmur, həm də yerli istehsalın bel sümüyü olan kiçik və orta fermer təsərrüfatlarını müflisləşmə həddinə çatdırır. Böyük dövlət dəstəyi və əlaqələri olan nəhəng aqroparklardan fərqli olaraq, min bir əziyyətlə, ağır şərtli kreditlərlə məhsul yetişdirən sıravi kəndli öz əmtəəsini birbaşa paytaxt bazarına çıxarmaq imkanından məhrum edilib. Logistik şəbəkələrin və pərakəndə satış nöqtələrinin topdansatış bazarlarındakı müəyyən oliqarxik qruplaşmalar tərəfindən nəzarətdə saxlanılması yerlərdə regional məhsul tədarükü infrastrukturunun qurulmasını qaçılmaz edir. Bu addım atılmayacağı təqdirdə, ölkədə kənd təsərrüfatı ilə məşğul olmaq istəyən sahibkarların sayı həndəsi silsilə ilə azalacaq.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əli Cabbarov qeyd edib ki, pomidor timsalında daxili tərəvəz bazarında qeydə alınan 500%-lik qiymət fərqi iqtisadi cinayətdir və bu zəncir dərhal qanunvericilik səviyyəsində qırılmalıdır: "Bu gün kəndlinin sahədə 20 qəpiyə satmağa məcbur edildiyi pomidorun Bakıdakı şəbəkə marketlərdə 2 manata satılması azad bazar iqtisadiyyatının qanunlarına tamamilə ziddir. Fermer şitili alır, gübrə tökür, suvarma pulu verir, gecə-gündüz sahədə fiziki əmək sərf edir, amma məhsul yetişəndə qapısına gələn dəllal ona diktə qiyməti qoyur. Çünki kəndlinin o məhsulu paytaxta gətirməyə nə xüsusi soyuduculu maşını var, nə də şəbəkə marketlərlə birbaşa müqavilə bağlamaq hüququ. Yol və yanacaq xərclərini, həmçinin Bakı bazarlarındakı qeyri-rəsmi 'yerpulu' basqısını görən çarəsiz fermer məhsulun sahədə çürüməməsi üçün onu su qiymətinə dəllala verməyə məcbur olur. Nəticədə, əziyyəti kəndli çəkir, pulu isə heç bir istehsal prosesində iştirak etməyən, sadəcə logistik inhisar quran ara alverçiləri qazanır. Bu fırıldaqçı zəncir fermerin torpaqdan soyumasına və kəndlərdən şəhərlərə kütləvi köçə səbəb olur".
Ekspertin sözlərinə görə, problemin köklü və institusional həlli üçün rayonlarda dövlət-özəl tərəfdaşlığı çərçivəsində regional tədarük və logistika mərkəzləri qurulmalıdır: "Biz kiçik və orta sahibkarlığı qorumaq istəyiriksə, mütləq şəkildə rayonlarda mərkəzləşmiş məhsul tədarükü anbarları və xüsusi aqro-logistik qovşaqlar tikməliyik. Fermer bilməlidir ki, onun 5-10 kilometr məsafədə dövlət zəmanətli qəbul məntəqəsi var. Məhsulunu birbaşa ora təhvil verməli, pulunu nağdsız və rəsmi şəkildə almalıdır. Həmin tədarük mərkəzləri isə iri şəbəkə marketləri ilə birbaşa rəqəmsal müqavilələr əsasında işləməlidir. Bu sistem tətbiq olunduğu təqdirdə dəllal faktoru avtomatik olaraq sıradan çıxır. Belə olan halda fermer pomidorunu 20 qəpiyə yox, məsələn, 60-70 qəpiyə satıb pul qazanacaq, paytaxt sakini isə marketdə eyni pomidora 2 manat deyil, 1 manat ödəyəcək. Yəni həm istehsalçı, həm də istehlakçı qazanacaq, sadəcə ortadakı parazit təbəqə zərərsizləşdiriləcək. İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi bu barədə təcili dövlət proqramı hazırlamalı və kiçik fermerlərin hüquqlarını inhisarçı şəbəkələrin caynağından xilas etməlidir".
Tunar,











