Türkiyənin Niğde vilayətində qəfildən başlayan güclü yağış və dolu fəsadlara yol açıb. Təbii fəlakət nəticəsində insan tələfatı və xəsarət alma halları qeydə alınıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə vilayətin Gümüşlər qəsəbəsində baş verib. Məlumata görə, leysan yağışlarından sonra yaranan güclü sel sularına üç avtomobil və daxilində olan altı nəfər düşüb. Əraziyə dərhal xilasedicilər cəlb olunub və sudan çıxarılan şəxslər təcili olaraq xəstəxanalara çatdırılıblar.
Həkimlərin səylərinə baxmayaraq, Niğde Ömər Halisdəmir Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilən Sabiha Dinçerin həyatını xilas etmək mümkün olmayıb. Digər yaralılardan birinin müalicəsi davam edir, dörd nəfər isə həkim nəzarətində saxlanılır.
Hadisə yerinə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), səhiyyə, jandarma və bələdiyyə briqadaları cəlb edilib. Niğde valisi Nədim Akmeşe bildirib ki, sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 39 texnika vahidi, 13 xüsusi təyinatlı iş maşını və 216 nəfər şəxsi heyət axtarış-xilasetmə tədbirlərinə qatılıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi araşdırılır.
Sara,
NOCOMMENT.az











