Paytaxtda fəaliyyət göstərən estetik mərkəzlərin birində qeydə alınan və sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə və haqlı narazılığa səbəb olub. İddialara görə, pasiyentə anesteziya (narkoz) tətbiq edilmədən əməliyyat aparılıb, prosedurun həyata keçirildiyi məkan isə heç bir cərrahiyyə standartına cavab verməyib.
ATV Xəbər-ə danışan zərərçəkən Qəmər Ağalıyeva baş verənlərlə bağlı şok təfərrüatları bölüşüb. Onun sözlərinə görə, əməliyyatın üstündən bir il keçdikdən sonra həmin görüntülərdən xəbər tutub:
"Dünən onun çəkildiyindən xəbərim yox idi. Tanışlar videonu mənə atdılar. Orada mənim səsimdir, mənim açıq bədənimdir və icazəsiz paylaşılıb. Narkozdan ayıldım və hər şeyi hiss eləyirdim. Ağrını, şişin bədənimə necə salındığını hiss edirdim."
Araşdırmalar zamanı məlum olub ki, qalmaqallı görüntülər fəaliyyəti daha sonra dayandırılan "Uğur Estetik Mərkəzi 777"də qeydə alınıb. Kadrlarda bir tərəfdən narkoz verilmədən aparılan ağrılı əməliyyat, digər tərəfdən isə kənar şəxslərin əməliyyat otağına maneəsiz daxil olması açıq şəkildə əksini tapıb.
Zərərçəkən yaşadığı dəhşətli anları belə təsvir edib:
"Əməliyyat olunan yer heç bir klinika və ya xəstəxana deyil idi. Bildiyiniz zirzəmi tipli bir yer idi. Tək bir otaqdır, otaqda həkimə aid heç bir tibbi avadanlıq yoxdur. Sadəcə adi bir yataq qoyulub və bütün işlər burada görülür. Gələn-gedən də otağa sərbəst girib-çıxır."
Xəbərsiz şəkildə yayılan videoların ailəsində ciddi mübahisələrə səbəb olduğunu bildirən zərərçəkən məsələ ilə bağlı əməliyyatı həyata keçirən Gülbadə Abdullayeva ilə əlaqə saxlayıb. Lakin həkimin reaksiyası daha çox təəccüb doğurub:
"Həkimlə əlaqə saxladım. O, ağlayaraq bunun öz səhvi olmadığını, məsələyə görə ailəsində, yoldaşı ilə arasında ciddi problemlər yarandığını bildirdi və 'hara istəyirsiz, müraciət edin' deyərək məsuliyyətdən yayınmağa çalışdı."
Pasiyentlərin sağlamlığını təhlükəyə atan bu kimi halların qarşısının alınması üçün tətbiq edilən nəzarət mexanizmlərinə gəlincə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Rəşad Mahmudov bildirib ki, artıq bu cür qeyri-qanuni əməliyyatların istənilən yerdə aparılması qeyri-mümkündür. Son dövrlərdə baş verən neqativ hallardan sonra Səhliyə Nazirliyinin nəzdində xüsusi nəzarət tədbirləri həyata keçirən yeni komissiya yaradılıb. Deputat qeyd edib ki, sözügedən görüntülər yeni nəzarət mexanizmi tətbiq edilməzdən əvvəl qeydə alınsa da, bu faktlar birmənalı olaraq cinayət məsuliyyəti yaradır:
"Bu gün heç bir kiçik klinikada əməliyyatxana icazəsi almadan, müvafiq standartlar qurulmadan hər hansı tibbi müdaxilənin aparılması qətiyyən müzakirə mövzusu ola bilməz."
Sara,











