İsrail Qəzza və İrandakı münaqişələr fonunda ABŞ-da azalan dəstəyi bərpa etmək məqsədilə genişmiqyaslı təbliğat kampaniyasına başlayıb. "The Wall Street Journal"ın (WSJ) məlumatına görə, bu məqsədlə təkcə Amerika ictimai rəyinə təsir etmək üçün təxminən 50 milyon dollar vəsait ayrılıb.
NOCOMMENT.az xəbər verir ki, bu kampaniya İsrailin qlobal imicini gücləndirmək üçün nəzərdə tutulmuş və ümumi dəyəri 700 milyon dollar olan daha böyük bir təşəbbüsün tərkib hissəsidir.
Diqqətçəkən məqamlardan biri odur ki, kampaniyanın hazırlanmasında və həyata keçirilməsində ABŞ-nin keçmiş prezidenti Donald Trampın sabiq müşaviri Bred Parseyl də iştirak edir.
Məlumatda qeyd olunur ki, təbliğat işlərində müasir texnologiyalardan geniş istifadə olunur. Kampaniyada süni intellektlə yaradılmış mətn mesajları, müxtəlif rəy liderləri ilə iş, həmçinin süni intellekt əsaslı çat-botların İsrail haqqında məlumatı necə təqdim etdiyinə təsir etmək üçün xüsusi hazırlanmış veb-saytlar tətbiq olunur. Eyni zamanda, mühafizəkar media orqanlarında da intensiv reklam kampaniyaları aparılır.
Əli Səfərli,
NOCOMMENT.az












