“Qarabağ”la bağlı ŞOK – Dəstək verilmədi və…

“Qarabağ”la bağlı ŞOK – Dəstək verilmədi və…

Bu gün Azərbaycan futbolunda əsas müzakirə mövzusu “Neftçi”nin fevralın 21-nə planlaşdırılan “Qarabağ”la oyununun təxirə salınmasından imtina etməsi olub.

NOCOMMENT.az xəbər verir ki, Qarabağ FK qarşıdakı günlərdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin Newcastle United komandası ilə iki ağır oyun keçirəcək. Ağdam təmsilçisi fevralın 18-də və 24-də rəqibi ilə üz-üzə gələcək. Bu səbəbdən klub çempionat oyununun təxirə salınması üçün Peşəkar Futbol Liqasına müraciət edib.

Məlumata görə, “Qarabağ”ın Avropa oyunları arasında cəmi 6 günlük fasilə var. Üstəlik, 7 saatlıq uçuş və 4 saatlıq vaxt fərqi nəzərə alındıqda, komanda fevralın 22-də İngiltərəyə yola düşməli olacaq. Bu isə “Neftçi” ilə oyundan sonra bərpa üçün demək olar ki, vaxtın qalmaması deməkdir.

Lakin “Neftçi” görüşün başqa tarixə keçirilməsinə razılıq verməyib. Reqlamentə əsasən, oyunlar arasında minimum 48 saatlıq fasilə olmalıdır. Digər hallarda isə qarşı tərəfin razılığı tələb olunur. Bakı klubu bu razılığı verməyib.

Neftçi PFK-nin mövqeyi məntiqlidir: hazırkı vəziyyətdən istifadə edərək yorğun və ya ehtiyat heyətlə oynaya biləcək çempiondan xal almaq. Xüsusilə də “Neftçi”nin artıq təxminən 5 ildir “Qarabağ”ı məğlub edə bilməməsi fonunda bu qərar taktiki baxımdan başadüşüləndir.

Lakin bu addım Azərbaycan futbolunun maraqları baxımından birmənalı qarşılanmayıb. Bir çox ekspertlər hesab edir ki, özünü ölkə futbolunun flaqmanı sayan “Neftçi” ümumi maraqları da nəzərə almalı idi.

Hazırda “Qarabağ”ın Çempionlar Liqasındakı uğurları təkcə klubun deyil, bütövlükdə Azərbaycanın uğuru kimi qiymətləndirilir. Komandanın qələbələri ölkə rəhbərliyi tərəfindən təbrik olunur, dünya mediasında geniş işıqlandırılır və Azərbaycan futboluna marağı artırır.

Baş məşqçi Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Nyukasl”la qarşıdurmada favorit sayılmasa da, 11-ci sırada olan İngiltərə klubu ilə mübarizədə şanslarını maksimum dərəcədə dəyərləndirməyə çalışır.

Qeyd olunur ki, “Neftçi”nin bu mövqeyi, əgər komanda çempionluq uğrunda birbaşa mübarizə aparsaydı, daha anlaşılan olardı. Lakin hazırda Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv turnir cədvəlində 7-ci pillədə qərarlaşıb və titul şansları faktiki olaraq yoxdur.
(Yuriy Vernydub)

Son illərin statistikasına nəzər saldıqda da fərq aydın görünür. “Neftçi” son beş ildə Azərbaycanın UEFA reytinqinə cəmi 6,5 xal qazandırıb. “Qarabağ” isə bu göstəricini 69,25 xala çatdırıb.

Hazırda Azərbaycan klubları üçün tarixi reytinq rekordu ərəfəsindəyik və bu, əsasən “Qarabağ”ın “Nyukasl”la oyunlarından asılıdır. Toplanan xallar gələcəkdə digər klubların da Avropa yarışlarına daha üstün mövqedən başlamasına şərait yaradır.

Məsələn, Turan Tovuz 32 ildən sonra ilk dəfə avrokuboklara vəsiqə qazanarsa, sıfır reytinqlə deyil, Azərbaycanın ümumi göstəricisinin bir hissəsi ilə turnirə başlayacaq.

Bəzi şəxslər “Nyukasl”ın da oxşar qrafiklə oynadığını əsas gətirirlər. Lakin Azərbaycan və İngiltərə futbolunun imkanlarını müqayisə etmək reallıqla uzlaşmır. Premyer Liqa klubları üçün belə mərhələlər adi haldır. Azərbaycan üçün isə bu, tarixi uğurdur.

Azərbaycan ilk dəfə Çempionlar Liqasının bu mərhələsində təmsil olunur və növbəti dəfə belə fürsətin nə vaxt yaranacağı bəlli deyil. Bu baxımdan, ekspertlər hesab edirlər ki, ölkə futbolu üçün tarixi nəticə qazanan komanda ətrafında birləşmək və müəyyən güzəştlərə getmək daha məqsədəuyğun olardı.

Mütəxəssislərin fikrincə, “Neftçi”nin qərarı hüquqi baxımdan əsaslı olsa da, mənəvi və strateji baxımdan Azərbaycan futbolunun ümumi maraqları ilə tam uzlaşmır. Bu səbəbdən məsələ həm azarkeşlər, həm də futbol ictimaiyyəti arasında geniş müzakirələrə yol açıb.