Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
NOCOMMENT xəbər verir ki, polisə avqustun 21-də Yasamal rayon ərazisində B.Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev saxlanılıblar.
Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X.Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.












