Lotu Quli qanuni oğruların heç birini saymırdı – Onu ölümlə hədələyənlərin adları AÇIQLANDI

Lotu Quli qanuni oğruların heç birini saymırdı – Onu ölümlə hədələyənlərin adları AÇIQLANDI

“Oğru dünyasında təmsil olunan Quram Çixladze adlı gürcü “vor-zakon”un azərbaycanlı avtoritet Lotu Qulini öldürmək planı olub. O, oğru dünyasının ən tanınmış adamlarındandır. Ailəlikcə oğru olublar. Atası da tanınmış “vor-zakon” idi. Quram Çixladze demişdi ki, nəyin bahasına olursa olsun, Lotu Qulini məhv edəcək. Hətta özünün öldürə biləcəyini də dilə gətirmişdi”.

NOCOMMENT xəbər verir ki, bu fikirləri modern.az-a qanuni oğrular haqqında araşdırmalar aparan yazıçı Bəhram Çələbi deyib.

O, avqustun 19-da Türkiyədə qətlə yetirilən Lotu Quli ləqəbli Nadir Səlifovun ölümünün arxasındakı gizli məqamlara toxunub: “Bu ilin fevral ayında təxmini 20 nəfər yığışıb Türkiyəyə gediblər. Lotu Qulini öldürmək istəsələr də, Türkiyə polisi onları tutub. Oğru dünyasındakı ruslar, gürcülər və erməni “vor”lar istəyirdilər ki, Nadir Səlifovu aradan götürsünlər. Çünki Lotu Quli heç kəsə baş əymir, tabe olmurdu.

Rövşən Lənkəranskini 2016-cı il avqustun 18-də öldürmüşdülər, Qulini 4 il sonra, avqustun 19-da vurdular. Bu iki hadisənin arasında əlaqə olub-olmadığını hələlik heç kim bilə bilməz. Lotu Quliyə yaxınlaşa bilmədiklərinə görə, yəqin ki, dostunu ələ alıb, onu öldürməsi üçün göndəriblər. Hadisə belə görünür. Mən dəqiq deyə bilmərəm. Məsələ mürəkkəbdir. Hətta ola bilər, Lotu Qulini Rövşən Lənkəranskinin adamları öldürüblər. Amma mən öz kitabımda da yazmışdım, Lotu Quli vəkilinə deyib ki, Rövşən Lənkəranski ilə heç vaxt düşmən olmayıb. Onun sözlərinə görə, iki azərbaycanlı qanuni oğru sadəcə rəqib olublar. Rövşən də istəyib, daha çox pul qazansın, Nadir Səlifov da. Amma Qulinin dediyinə görə, Lənkəranskinin ölməyini istəməyib.

Lotu Qulini rusiyalı “vor zakon”lardan Zaxari Kalaşov (ləqəbi Şakro Maladoy) da öldürmüş ola bilər. Çünki dediyim kimi, o, güclü qanuni oğruların heç birini saymırdı”.

Bəhram Çələbinin sözlərinə görə, Lotu Quli əvvəllər Rusiyanın kiçik hissəsində fəaliyyət göstərsə də, son zamanlar demək olar ki, bütün Rusiya onun əlində olub: “O, demək olar, ən böyük mafiya başçısı idi”.

Oğru dünyasında Lotu Qulinin davamçısının kim olacağına gəlincə isə, Bəhram Çələbi hesab edir ki, bu məsələ hələlik sual altında qalır: “Amma onun ən yaxın adamı Vaqif Süleymanov olub. Ondan başqa Qulinin yerinə kiminsə gələcəyini hesab etmirəm, Azərbaycan üzrə onu götürə bilərlər. Amma gürcülərdən, ruslardan o qədər güclü oğrular var ki… Məncə, “karol” (Oğru dünyasında lider) onlardan seçiləcək. Azərbaycanlılardan “karol” ola biləcək lotu, məncə, yoxdur.

Bundan sonra oğru dünyasında nə baş verəcək – bunu ancaq “sxodka”dan sonra demək mümkündür. Orada qərar çıxarılmalıdır ki, bu hadisəni törədənlərə nə cəza versinlər. Çünki oğrunu öldürəni böyük cəza gözləyir. Kimə nə cəza veriləcəyi oğruların “sxodka”sında müəyyənləşəcək”.

Lotu Quli isə 2020-ci il avqustun 19-da gecə saatlarında onun çevrəsinə daxil olan Xaqan Zeynalov (Xan Bakinski) adlı şəxs tərəfindən öldürülüb.

Məlumatlara görə, hadisə baş verən zaman Quli oteldəki otaqlardan birində kart oynayırmış. Otaqda Quli ilə kart oynayan şəxsdən başqa avtoritetin mühafizəçisi də varmış.

Otağa daxil olan Xan Bakinski heç kimdə şübhə oyatmayıb. Çünki o, çoxdan Lotu Qulinin çevrəsində olan adam kimi onun hörmət və etibarını qazanıbmış. Xan Bakinski Qulinin boyun nahiyəsindən dörd güllə vurub.

Qulinin mühafizəçisi cavab atəşi açsa da, o, qaça bilib. Amma az sonra polis onu Antalya-Dənizli yolunda saxlayıb.

Lotu Quli ləqəbi ilə tanınan Nadir Səlifov 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub.

O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıtmışdı.