Xəbər verdiyimiz kimi, Yaqut Nəriman adı ilə tanınan 38 yaşlı müğənni ötən gün həyat yoldaşı Anar Həşimov tərəfindən qətlə yetirilib.
NOCOMMENT.az axşam.az-a istinadən bildirir ki, Yaqutun bacısı, jurnalist Şəlalə Nəriman “Bizimləsən” verilişinə telefonla bağalanaraq, qətlin səbəbini açıqlayıb. O iddia edib ki, bacısının həyat yoldaşı narkotik aludəçisi olub:
“Deyirlər, başını kəsib. Bıçaq bir alnına, böyrünə dəyib. Əri narkotikə qoşulmuşdu, pis vərdişləri var idi, evə gəlmirdi. Aralarında işləmədiyinə görə söz-söhbət olurdu. Danışmırdılar, evə necə gəlib heç bilmirik”.
Mərhumun qaynı Rasim isə “Günə son” proqramında qardaşı ilə bağlı iddiaları yalanlayıb:
“Qardaşım siqaret belə çəkmir, mümkün deyil narkotik istifadə etməsi. Əvvəl münasibətləri yaxşı idi, son vaxtlar yola getmirdilər. Qardaşım qısqanc idi, deyirdi, filan toya, şənliyə getmə. O da sözə baxmırdı. Məcburdular ki, desinlər qardaşım narkotik istifadə edir. Gedib öz səhvlərinə baxsınlar. Qardaşımın hər zaman pulu olub, qəşəng qazanıb. Onları başa saldıq, amma anlamadılar”.
Qeyd edək ki, mərhum “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 39 yaşlı Həşimov Anar Malik oğlu könüllü olaraq polisə gələrək təslim olub. O, saxlanılıb. İlkin məlumata görə cinayət hadisəsi qısqanclıq zəminində baş verib.
Hazırda faktla bağlı araşdırma aparılır.
Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var.












