Lavrov hər ay Bakıya gəlsə də, heç nə dəyişməyəcəkbackend

Lavrov hər ay Bakıya gəlsə də, heç nə dəyişməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Rusiya XİN başçısı Bakıda keçirilən mətbuat konfransında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsinin gündəmdə olduğunu, bununla əlaqədar yaradılan komissiyanın ikinci iclasının Moskvada keçirilməsinə razılıq verildiyini bildirib.

Bundan əlavə, Lavrov rəsmi Bakının Ukraynada gedən müharibə ilə bağlı sərgilədiyi mövqedən razılığını ifadə edib. “Azərbaycan Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatlarında balanslı diplomatiya yeridir. Bu da bizim tərəfdən diqqətlə izlənilir və bizi bunu qiymətləndiririk”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrovun Bakı səfəri nə ilə yadda qaldı? Ümumilikdə danışıqları necə qiymətləndirmək olar?

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Sergey Lavrovun səfəri çərçivəsində müxtəlif məsələlər müzakirə olunub, ikitərəfli münasibətlərin praqmatik əsaslarla davam etməsi aydınlaşıb: “Ukraynadakı müharibə, digər proseslər buna təsir göstərir. Əsas məsələ budur ki, Azərbaycan təhlükəni özündən uzaq etmək üçün maksimum çalışır. Rusiya ilə qarşıdurmada bir çox ölkələr iştirak edir. Buna görə təhlükəsizliklə bağlı risklər də artır. Azərbaycanın səyləri təhlükənin ölkəmizdən yan keçməsinə hesablanıb. Ukrayna-Rusiya müharibəsində Azərbaycan hər iki tərəfi qane edən mövqedə dayanır. Hansısa şəkildə Rusiyanı qıcıqlandırmaq təhlükəsizliyə təhdid ola bilər”.

Politoloqun fikrincə, digər tərəfdən Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə humanitar yardımlar edir: “Azərbaycan müharibə tərəfdarı deyil. Bu, o deməkdir ki, Azərbaycan əqidəsindən dönmür, fikirlərini açıq şəkildə bildirir, məsələnin danışıqlar masası ətrafında həllinin tərəfdarıdır. İllərin təcrübəsi göstərir ki, təzyiqlər heç bir effekt verməyəcək. Azərbaycan həmişə olduğu kimi müstəqil siyasət yeridir və yeridəcək.

Digər məsələlərdə qarşılıqlı maraqlar əsasında münasibətlər qurulur. Bəzi halda üst-üstə düşməyən məqamlar var. Məsələn, informasiya müharibəsində subyektivlik, Ermənistanın təbliğatının üstünlüyü görünür. Biz bu məqamların Rusiya ilə həllinə çalışırıq. İnformasiya təhlükəsizliyi sahəsində imzalanan sazişin də məqsədi budur”.

Politoloq Elxan Şahinoğlu isə diqqətə çatdırıb ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıdakı açıqlamalarında Azərbaycanla Ermənistan arasında mövcud durumu müsbət dəyərləndirməyə çalışıb, sanki bütün istiqamətlərdə irəliləyiş var.

“Halbuki, müharibənin bitdiyi il yarımda ortada nə sülh sazişinin mətni, nə qarşılıqlı ərazi bütövlüklərinin tanınması, nə kommunikasiya xətlərinin açılması, nə də sərhədin müəyyənləşməsi var. Lavrovun Bakıda bizim üçün yeganə faydalı bəyanatı Minsk Qrupunun bundan sonra fəaliyyətinin mümkün olmadığını təkrar bəyan etməsiydi. Bu da sırf Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı sanksiyalarıyla əlaqəlidir.

Rusiya ilə gərginlik istəmirik. Bizə qarşı təxribatlar etməsinlər, əleyhimizə reportajlar yayımlamasınlar, erməni separatçılarını müxtəlif yollarla cəsarətləndirməsinlər, 3 il yarımdan sonra da 2020-ci il 10 noyabr bəyanatının bəndinə görə hərbçiləri məmləkətimizi tərk etsinlər. Bunlara riayət edilərsə, münasibətlərdə gərginlik olmaz, əks halda Lavrov hər ay Bakıya gəlib, lehimizə təriflər yağdırsa belə nəsə dəyişməyəcək”, – deyə politoloq son prosesləri belə şərh edib.