Məşhur müğənninin konsertində BİABRIÇILIQ - VİDEO

Məşhur müğənninin konsertində BİABRIÇILIQ - VİDEO

Türkiyənin ən bahalı və tanınmış istirahət mərkəzlərindən birində çıxış edən məşhur müğənni Valeri Meladze lüks seqmentdən olan rusiyalı turistlərin intizamsızlığı ilə üzləşib. Sərxoş vəziyyətdə olan "VIP" qonaqlar ifaçıya təzyiq göstərərək konsert proqramının rəsmi axarını tamamilə pozublar.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, xoşagəlməz insident Antalyanın Belek bölgəsində yerləşən beşulduzlu "Port Nature Luxury Resort Hotel"də baş verib. Rusiya estradasının ulduzunun canlı ifası zamanı spirtli içkinin təsirindən özünü idarə edə bilməyən bir qrup zəngin turist səhnəyə doğru qışqıraraq müğənnidən kimisə ad günü münasibətilə təbrik etməyi, müəyyən şəxslərə salam göndərməyi və onların istədiyi mahnıları oxumağı tələb edib.

Vəziyyətin daha da gərginləşməməsi üçün Valeri Meladze proqramı dayandırmaq məcburiyyətində qalıb. Turistlər səhnəyə yaxınlaşaraq onunla zorla selfi çəkdirməyə çalışıblar. Hətta sənətçi mikrofona "Alisa Sergeyevnadan salamlar" deməli olub. Səhnədən qonaqlara müraciət edən ifaçı konserti "gözəl şəkildə yekunlaşdırmağın" vacibliyini xatırladıb və qeyri-rəsmi ünsiyyətə yalnız proqramdan sonra vaxt ayıra biləcəyini vurğulayıb. Müğənni turistlərin onunla birlikdə spirtli içki qəbul etmək təklifini isə qətiyyətlə rədd edib.

Konsertə gələnlər arasında Rusiyanın tanınmış simaları — aktrisa Yana Koşkina və əməkdar artist, müğənni Pelaqeya da diqqət çəkib. Pelaqeya qızı ilə birlikdə VIP zonada şampan bokalını qaldıraraq rəqs etdiyi halda, Yana Koşkina nisbətən sakit şəkildə əylənməyə üstünlük verib.

Məlumat üçün qeyd edək ki, sözügedən lüks oteldə yay mövsümü ərzində Valeri Meladzenin 6, Leonid Aqutinin isə 7 konserti planlaşdırılıb. Sözügedən oteldə iki nəfərlik birhəftəlik büdcəli dincəlmənin qiyməti minimum 300 min rubldan (təxminən 5700 manat) başlayır. Otelin ən bahalı lüks nömrələrinin qiyməti isə bəzi hallarda 800 min rubla (təxminən 15 000 manat) qədər yüksəlir.



Sara,
NOCOMMENT.az