Tanınmış aktyor Taleh Yüzbəyov yenidən qalmaqalın mərkəzinə düşüb.
NOCOMMENT.az bildirir ki, aktyorun çəkildiyi dondurma reklamı sosial şəbəkələrdə ciddi narazılıq doğurub. Belə ki, reklam çarxında estetik əməliyyat etdirən qadınlara eyham vurularaq "təbii dondurma"nın üstünlüyü ön plana çıxarılıb. Lakin bu yanaşma sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub. Şərhlərdə həm Taleh Yüzbəyov, həm də reklamı hazırlayan şirkət sərt tənqid edilib.
İstifadəçilər yazıblar:
"Qadınlar olmasaydı, görəsən nəyin üzərindən reklam edəcəkdiniz? Bu, artıq təbii olan bir şeyi qeyri-təbii ilə müqayisə etmək deyil. Sadəcə, yenə qadınların üzərindən kontent hazırlamaq cəhdidir. Sonra da üzr videosu çəkməyin".
Başqa sitatlara baxaq:
"Əvvəl öz xanımınızdan və rəfiqələrinizdən başlayın. Yox, evdə sözünüz keçmirsə, başqalarına da nəsə deməyi özünüzə ayıb bilin".
"Qadınları alçaltdığınıza görə nə vaxt üzr istəyəcəksiniz?"
"İlin-günün bu vaxtında belə reklam çəkməyə utanmırsınız? Qadınların bədənindən və seçimlərindən nə vaxt əl çəkəcəksiniz? Doğrudanmı bu reklam hazırlanarkən heç kim bunun nə qədər aşağılayıcı olduğunu demədi? Məhsulunuzu da, ortaya qoyduğunuz işi də yerə soxsunlar".
"Bir dondurma satmaq üçün qadın bədənini alçaltmağı reklam strategiyası hesab edirsinizsə, problem qadınlarda deyil, sizin düşüncə tərzinizdədir. İnsanlar illərdir bədənləri ilə barışmağa, komplekslərini aşmağa çalışırlar. Siz isə bir neçə baxış və paylaşım naminə həmin kompleksləri yenidən insanların üzünə vurursunuz. Buna nə yumor demək olar, nə də marketinq. Alçaltmaq heç vaxt yumor olmayıb".
Qeyd edək ki, Taleh Yüzbəyov səslənən tənqidləri susqunluqla qarşılayıb./musavat/












