Bir vaxtlar Yerə çırpılma ehtimalı ilə bütün dünyanın diqqət mərkəzində olan nəhəng 99942 Apofis asteroidi yenidən gündəmdədir.
NOCOMMENT.az xəbər verir ki, İtaliyanın Padua Universitetinin rəhbərliyi ilə aparılan son tədqiqatlara əsasən, Apofis 13 aprel 2029-cu ildə Yerin çox yaxınlığından keçəcək.
Əlverişli hava şəraiti və işıq çirkliliyinin az olduğu ərazilərdə yaşayan milyonlarla insan bu nadir səma hadisəsini teleskopa ehtiyac olmadan izləyə biləcək.
Tədqiqatçıların hesablamalarına görə, asteroid Yerə ən yaxın nöqtədə təxminən 31 min 600 kilometr məsafədən keçəcək. Bu məsafə bəzi rabitə peyklərinin yerləşdiyi orbitdən belə daha yaxındır.
Alimlər bildirirlər ki, Apofis kimi böyük ölçülü bir asteroidin uçuş marşrutu və Yerə yaxınlaşma vaxtı indiyədək görünməmiş dəqiqliklə müəyyən edilib.
Mütəxəssislərin sözlərinə görə, Apofis adi meteor kimi bir neçə saniyəlik işıq izi buraxmayacaq. Əksinə, o, parlaq bir ulduzu xatırladan görünüşü ilə göy üzündə hərəkət edəcək və saatlarla müşahidə oluna biləcək.
Apofis 2004-cü ildə kəşf ediləndə onun Yerə çırpılma ehtimalı böyük narahatlıq doğurmuşdu. İlk hesablamalar mümkün təhlükə ssenarilərini gündəmə gətirsə də, sonrakı illərdə aparılan dəqiq müşahidələr və orbit analizləri bu ehtimalı tamamilə istisna etdi.
NASA və digər beynəlxalq kosmik agentliklərin məlumatlarına əsasən, Apofis ən azı qarşıdakı 100 il ərzində Yer üçün toqquşma təhlükəsi yaratmır.
13 aprel 2029-cu ildə baş tutacaq bu möhtəşəm keçid həm astronomiya həvəskarlarına unudulmaz vizual mənzərə təqdim edəcək, həm də alimlərə Günəş sisteminin formalaşması və asteroidlərin inkişaf tarixi barədə yeni məlumatlar əldə etmək üçün imkan yaradacaq./musavat.com/











