Milyonlarla il ərzində heç kimin görmədiyi qəbiristanlıq - Diamantina nekropolu

Milyonlarla il ərzində heç kimin görmədiyi qəbiristanlıq - Diamantina nekropolu

Çin Elmlər Akademiyasının həyata keçirdiyi dərin dəniz tədqiqatı Hind okeanında 5,3 milyon il əvvələ aid nəhəng balina qəbiristanlığını üzə çıxarıb. Kəşf bu günədək məlum olan ən sıx balina qalıqları toplanması kimi tarixə düşüb.

NOCOMMENT.az xəbər verir ki, milyonlarla il ərzində insan gözündən uzaq qalan okean dibinin bir hissəsi zamanla nəhəng bir qəbiristanlığa çevrilib. Hind okeanının cənub-şərqində, su səthindən 4-7 min metr dərinlikdə yerləşən bu ərazi artıq paleontologiya tarixinin ən mühüm kəşflərindən biri hesab olunur.

Çin Elmlər Akademiyasının "Fendouzhe" adlı dərin dəniz batiskafı ilə apardığı araşdırmalar nəticəsində "Diamantina" bölgəsində təxminən 0,64 kvadratkilometrlik sahədə 476 balina fosili və yaxın dövrdə ölmüş 5 nəhəng balina cəsədi aşkarlanıb.

Mütəxəssislərin hesablamalarına görə, bölgənin hər kvadratkilometrində orta hesabla 750 balina qalığı mövcuddur. "Nature" jurnalında dərc olunan nəticələrə əsasən, "Diamantina bölgəsi nekropolu" adlandırılan bu ərazi Yer üzündə ən sıx balina qalıqları toplanmasına malik sahə kimi qeydə alınıb.

Sümüklər üzərində aparılan stronsium izotop analizləri göstərib ki, ən qədim qalıqlar təxminən 5,3 milyon il əvvələ, erkən Pliosen dövrünə aiddir.

Qaranlıq dərinliklərdə yaranan həyat

Günəş işığının və oksigenin demək olar ki, olmadığı bu dərinliklərdə həyat gözlənilməz şəkildə inkişaf edir. Balina sümüklərindəki yağları parçalayan bakteriyalar hidrogen-sulfid istehsal edir. Bu kimyəvi enerji isə cəsədlərin ətrafında zəngin ekosistemlərin formalaşmasına şərait yaradır.

Alimlərin məlumatına görə, bəzi sahələrdə hər kvadratmetrdə 2 min 840-a qədər canlı yaşayır. Bu canlılar arasında meduzalar, ilanulduzlar, sümüklə qidalanan "Osedax" qurdları və ikiqabıqlı molyusklar var.

Araşdırmaçıların sözlərinə görə, bu növlərin əksəriyyəti elm üçün yeni hesab olunur. Onlar bu ekosistemi səhrada ard-arda açılmış kiçik restoranlar şəbəkəsinə bənzədirlər. Təxminən 6 min 700 metr dərinlikdə yerləşən bu yaşayış mühiti eyni zamanda dünyanın ən dərin balina cəsədi ekosistemi statusunu da daşıyır.

Bu nəhəng qəbiristanlıq necə yaranıb?

Alimlər hesab edirlər ki, bölgədəki zəngin kalmar populyasiyası dimdikli balinalar üçün güclü cazibə mərkəzi rolunu oynayır. Ov dalınca maksimum dalış həddini aşan bəzi balinaların dekompressiya zədəsi nəticəsində öldüyü ehtimal edilir.

Bundan əlavə, ərazidəki V formalı sualtı dərələri okeanın müxtəlif hissələrində dibə çökən balina cəsədlərini bir nöqtədə toplayır.

Bölgənin başqa bir xüsusiyyəti isə çöküntü qatının son dərəcə yavaş formalaşmasıdır. Burada min il ərzində cəmi bir neçə millimetr çöküntü toplanır. Nəticədə sümüklər torpaq altında qalmır və açıq səma altında sərgilənən muzey eksponatları kimi milyonlarla il ərzində qorunub saxlanılır./Qaynarinfo/