Türkiyədə “Ahbap” Dərnəyinin adına toplanan ianələrin şübhəlilərin şəxsi hesablarına köçürüldüyü iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində jurnalist və prodüser Oğuzhan Uğur da daxil olmaqla, daha doqquz nəfər həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan 10 şübhəlinin məhkəmə prosesi Çağlayandakı İstanbul Ədliyyəsində başa çatıb.
Məhkəmənin qərarı ilə Oğuzhan Uğur, Gülgün Öztürk, Suzan Düşküner, Emir Taşar, Emre Kartaloğlu, Hüseyn Küçük, Fatih Eke, Məhərrəm Karataş və Ersin Gökgün barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq “cinayətkar təşkilat yaratmaq”, “ağır dələduzluq” və “cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması” maddələri üzrə aparılır. İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin araşdırmaları, Maliyyə Cinayətlərinin Araşdırılması Şurası (MASAK) hesabatları və maliyyə əməliyyatlarının təhlili nəticəsində şübhəlilərin gəlirləri ilə uyğun gəlməyən yüksək məbləğli pul köçürmələri həyata keçirdikləri müəyyən edilib.
İstintaq materiallarında şübhəlilərin bir-birilərinə böyük həcmdə vəsait köçürdükləri, qumar hesablarına iri məbləğlər yatırdıqları və qısa müddətdə çoxsaylı daşınmaz əmlak əməliyyatları apardıqları iddia olunur.
Qeyd edək ki, istintaq çərçivəsində iyulun 12-də keçirilən əməliyyat zamanı “Ahbap” Dərnəyinin təsisçisi, müğənni Haluk Levent də daxil olmaqla, 17 nəfər saxlanılmışdı. Sonrakı əməliyyatlarla birlikdə iş üzrə həbs olunanların sayı 18-ə çatıb.
İstintaq çərçivəsində dərnəyin və bəzi şübhəlilərin aktivlərinə də həbs qoyulub./Bakıvaxtı.az












