Rusiya Prezidenti Vladimir Putin İrəvana çağırış edərək, Ermənistanın gələcəkdə Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqında (Aİİ) yer alması ilə bağlı referendumun ən qısa zamanda keçirilməsini istəyib.
NOCOMMENT.az xəbər verir ki, Rusiya lideri bu bəyanatla beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşü zamanı çıxış edib.
Məlumata görə, dövlət başçısı hər bir suveren ölkə kimi Ermənistanın da öz inkişaf prioritetlərini seçmək hüququnun olduğunu vurğulayıb.
Putin rəsmi İrəvanın bu istiqamətdəki son addımlarına toxunub:
“Baş nazir Nikol Paşinyan bu yaxınlarda bildirdi ki, o, bu məsələ ilə bağlı referendumun keçirilməsini zəruri hesab edir. Bizim isə yalnız bir xahişimiz var: bunu mümkün qədər tez edin”.
Qeyd edək ki, mayın 29-da Putin Ermənistandakı mövcud vəziyyəti 2014-cü ildə Ukraynada baş verən böhranla müqayisə etmişdi. Elə həmin gün Kreml Avrasiya İqtisadi İttifaqı ölkələri liderlərinin birgə bəyanatını dərc etmişdi. Həmin sənəddə də Ermənistanda ya Avropa İttifaqına daxil olmaq, ya da Aİİ-də qalmaq barədə referendumun keçirilməsinin vacibliyi vurğulanırdı./Qafqazinfo/












