İran Prezidenti Məsud Pezeşkian ölkə əhalisini elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırıb. Bu müraciət ABŞ və İsrailin hava zərbələri nəticəsində İranın enerji infrastrukturuna ciddi ziyan dəyməsindən sonra edilib.
NOCOMMENT.az xəbər verir ki, prezident ölkədə yaranmış enerji qıtlığının qarşısını almaq üçün əhalinin dəstəyinə ehtiyac olduğunu vurğulayıb. Pezeşkian çıxışında israfçılığa yol verməməyin vacibliyini qeyd edib:
“Hazırda biz xalqdan fədakarlıq gözləmirik, lakin istehlaka nəzarət etmək mütləqdir. Evlərdə 10 lampa yandırmaq əvəzinə, 2-dən istifadə edin – bunda pis nə var ki?”
Xatırladaq ki, son hərbi gərginlik fonunda İranın bir neçə strateji enerji obyekti hədəf alınıb və bu, ölkənin bir çox bölgələrində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Pezeşkianın bu çağırışı daxili resursların qorunması və yaranmış böhranın minimum itki ilə idarə olunması məqsədi daşıyır.
Sara,
NOCOMMENT.az










