Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanın rayonlarına yerli qeydiyyatı olmayan maşınların giriş və çıxışı dayandırılıb. Bu barədə NOCOMMENT.az-a yerli sakinlər məlumat verib.
Bildirilir ki, Şəki, Zaqatala, Gəncə, Şəmkir, Tovuz, Qazax və digər rayonlar arası polis postları qurulub.
Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insanlararası təmaslarda 2 metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunmuşdur.












