Yol kameralarında yeni dövr başladı - Nələr olacaq?

Yol kameralarında yeni dövr başladı - Nələr olacaq?

ABŞ-də yol hərəkəti kameralarının imkanları genişlənir. Yeni texnologiya avtomobildəki Bluetooth cihazlarını da müəyyən edə bilir. ABŞ-də avtomobil nömrələrinin avtomatik tanınması üçün istifadə olunan və müdafiə podratçısı Leonardo-nun hazırladığı SignalTrace sistemi ilə təchiz edilən kameralar smartfonlar, AirPods və digər Bluetooth cihazlarının unikal Bluetooth identifikatorlarını qeydə ala bilir. Bu texnologiya nəqliyyat vasitəsini təkcə sahibi ilə deyil, həm də avtomobildə olan sərnişinlərlə əlaqələndirməyə imkan verir. Sistem mütəmadi olaraq birlikdə hərəkət edən cihaz qrupları əsasında 'elektron izlər' də formalaşdırır. Toplanan məlumatlar saxlanıla və hüquq-mühafizə orqanlarına ötürülə bilər. Texnologiyanı hazırlayan şirkət bildirir ki, sistem rabitənin məzmununu oxumur və ya deşifrə etmir, yalnız cihazların birlikdə hərəkət etməsi faktını qeydə alır.

Qlobal miqyasda süni intellekt və kiber-izləmə texnologiyalarının yol hərəkəti təhlükəsizliyi sistemlərinə inteqrasiya edilməsi fərdi toxunulmazlıq və məlumatların məxfiliyi mövzusunu yenidən ən pik həddə daşıyıb. Kameraların sadəcə sürət və nömrə deyil, maşının içindəki sərnişinlərin telefonlarını və qulaqlıqlarını belə rəqəmsal olaraq skan etməsi yaxın gələcəkdə insan faktorunun tam nəzarətə götürüləcəyindən xəbər verir. Bu qlobal texnoloji sıçrayış fonunda "Bəs oxşar rəqəmsal izləmə sistemləri yaxın gələcəkdə Azərbaycanda da tətbiq edilə bilərmi?" sualı sürücülər və kiber-təhlükəsizlik mütəxəssisləri arasında ciddi müzakirələrə yol açıb.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Tale Ələddinzadə qeyd edib ki, ABŞ-də tətbiqinə başlanılan bu sistem hüquq-mühafizə orqanlarının işini asanlaşdırsa da, fərdi azadlıqların qorunması baxımından ciddi suallar yaradır: "SignalTrace adlı bu sistem əslində klassik yol kamerasından daha çox hərbi və kəşfiyyat yönümlü bir rəqəmsal casusluq mexanizmidir. Kameranın yanından keçən maşının içində kimlərin olduğunu Bluetooth siqnalları vasitəsilə təyin etmək cinayətkarlığın qarşısının alınmasında, axtarışda olan şəxslərin tapılmasında unikal vasitədir. Lakin digər tərəfdən, dinc vətəndaşların gündəlik hərəkət marşrutlarının, kimin kiminlə maşına mindiyinin sistem tərəfindən 'elektron iz' kimi arxivlənməsi kütləvi nəzarət rejiminin qurulması deməkdir. Şirkət mesajların oxunmadığını desə də, unikal cihaz ID-lərinin yığılması və saxlanması gələcəkdə böyük məlumat sızması risklərini də özü ilə bərabər gətirir".

Ekspertin sözlərinə görə, bu cür sistemlərin Azərbaycanda tətbiqi texniki baxımdan mümkün olsa da, dərhal reallaşması həm hüquqi, həm də infrastruktur baxımından müəyyən vaxt tələb edəcək: "Azərbaycanın yol hərəkəti infrastrukturu, xüsusən Bakı şəhərindəki intellektual idarəetmə kameraları son illər ən müasir süni intellekt proqramları ilə təchiz olunub. Bizdə hazırda kəmər taxmayanları, sükan arxasında telefonla danışanları avtomatik təyin edən kameralar var. Yəni rəqəmsal yeniliklərə adaptasiya sürətimiz çox yüksəkdir. Texniki cəhətdən sabah həmin ABŞ şirkətindən lisenziya alınıb mövcud kameralara inteqrasiya edilə bilər. Lakin bunun ölkəmizdə tətbiq olunması üçün ilk növbədə 'Fərdi məlumatlar haqqında' qanunvericiliyə köklü dəyişikliklər edilməlidir. Çünki vətəndaşın icazəsi olmadan onun mobil cihazının radiotezlik siqnalını skan edib qeydiyyata almaq hüquqi mübahisələr doğurur. Əgər gələcəkdə milli təhlükəsizlik prinsipləri önə çəkilərək bu sistemin ölkəyə gətirilməsi qərara alınarsa, bu, daxili maşın bazarında köhnə model, Bluetooth sistemi olmayan avtomobillərə tələbi artıra və ya sürücülərin maşına minəndə telefonlarını tamamilə söndürməsi trendinə yol aça bilər".

Tunar,

NOCOMMENT.az