Rusiyalı iş adamlarının müəmmalı şəkildə öldüyü hadisələrə yenisi əlavə edilib. Rusiyanın neft nəhəngi “Lukoyl”un keçmiş icraçı direktoru, milyarder Aleksandr Subbotin ölü tapılıb.
NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, aprelin sonundan bəri Rusiyanın enerji sektoru ilə əlaqəli ən azı altı nəfər ölüb.
Rusiyanın ən böyük neft şirkətlərindən biri olan “Lukoyl”un keçmiş direktoru Aleksandır Subbotin həftəsonu qonaq getdiyi şamanın evində ölü tapılıb.
43 yaşlı milyarderin dərman qəbul etdiyi və infarkt keçirdiyi bildirilir.
Şamanlar Aleksey Pindyurin və Kristina Teyxribin heyvan qurbanı ritualları ilə müştərilərini sağaltdıqlarını iddia etdikləri deyilir. Lakin cütlük polisə verdikləri ifadədə Subbotinin müştəri deyil, onların dostu olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan “Qazprom”un keçmiş vitse-prezidenti Vladislav Avayev ötən ay həyat yoldaşı və 13 yaşlı qızı ilə birlikdə Moskvadakı mənzilində ölü tapılıb.
Bu hadisədən sonra “Qazprombank”la yaxın münasibətdə olan “Novatek” təbii qaz şirkətinin keçmiş vitse-prezidenti, rusiyalı oliqarx Sergey Protosenya da həyat yoldaşı və qızı ilə birlikdə İspaniyadakı evində ölü tapılıb.












