Ermənistan hökumətində korrupsiya: Müstəqilliyin DOMİNO effekti

Ermənistan hökumətində korrupsiya: Müstəqilliyin DOMİNO effekti

Ermənistanın Müstəqillik Gününü qeyd etmək üçün dövlət büdcəsindən 1 milyard dram (2 milyon dollar) ayrılacaq.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edib: “2 milyon dollara başa gələcək bayram üçün müsabiqə elan edilməyib. Hökumət tenderi təcili olaraq rəsmiləşdirib və bir mənbədən, yəni rəqabət olmadan həyata keçirəcək.

Bu yeganə mənbə Nikol Paşinyanın baş nazirliyi dövründə böyük sifarişlər alan hökumətin “ərköyün uşağı” “Domino Production”dır.

Şirkətin sahibi Aşot Arakelyan Baş nazirin müşaviri Araik Arutyunyan ilə sıx dostluq əlaqələrindədir. Arakelyana yeni hökumət dövründə “keçid”i təmin edən Araik Arutyunyandır”.

“Hraparak” müqayisə üçün qeyd edir ki, 2018-ci ildə Ermənistanın müstəqilliyinin 27-ci ildönümünü qeyd etmək üçün dövlət büdcəsindən cəmi 84 milyon 775 min dram xərclənib. Təxminən eyni məbləğ – 100 milyon dram – müstəqilliyin elan edilməsinin 25 və 26-cı ildönümü münasibətilə bayram tədbirlərinin hazırlanmasına ayrılıb.

Xatırladaq ki, sentyabrın 9-da Nikol Paşinyan hökumətin iclasında Ermənistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə “rəngarəng tədbirlər” keçiriləcəyini bildirib.