Ermənistan parlamentin səhər iclası gərgin şəraitdə işə başlayıb. “Parlaq Ermənistan” fraksiyasının nümayəndələri hökuməti kəskin tənqid etməyə başlayıblar, cavabında iqtisadi komissiyanın rəhbəri, “Mənim addımım” hakim blokunun üzvü Babken Tunyan tənqidçilərə konkret adlar çəkmədən təhqir yağdırmağa başlayıb.
NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, fraksiyanın mövqeyini təqdim edən “Parlaq Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan əvvəlcə hakim blokdan olan həmkarının fikirlərinə toxunmaq qərarına gəlib, amma bunu edə bilməyib.
“Mənim addımım” fraksiyasının deputatı Sasun Mikaelyan oturduğu yerdən Marukyanın çıxışını şərh etməyə başlayıb, sakit başlayan deyişmə nəticədə qarşılıqlı təhqirlərə çevrilib. Sonda Mikaelyan müxalifət nümayəndəsinə “yerini göstərəcyini” söz verib, bundan sonra Marukyan kürsünün arxasından çıxıb və dərhal da həmkarından zərbə alıb.
Deputatlar Mikayelyanı geri çəkməyə çalışıblar və Marukyan həmkarına eyni cavabı vermək üçün irəli atılıb, bundan sonra “döyüş başlayıb”. Sonrakı hadisələr ən yaxşı “xoruz döyüşlərinin” ənənələrində inkişaf edib. Dava qızışıb, millət vəkilləri və hökumət üzvləri bir-birilərini itələyərək kürsünün ətrafına toplaşıblar. Eyni zamanda “başqa cəbhələrdə” deputat Gor Gevorqyanla Gevorg Qorqisyanın da davası qızışıb.
Ara sakitləşəndən sonra məclisin spiker Ararat Mirzoyan deputat Marukyana çıxışını davam etdirmək üçün imkan verib və bütün “qəzəbli deputatları zaldan çıxıb yalnız sakitləşdikdən sonra geri qayıtmağa” çağırıb.
Marukyanın ikinci çıxışı zamanı Mikaelyan yenə də sakit dayanmayıb və bu dəfə həmkarının boğazını kəsəcəyini söyləyərək ondan əl çəkməyib. “Boğazımı kəsə bilən hələ dünyaya gəlməyib. Özünü Şmaysa bənzətmə (ermənilərin Jirinovskiyə bənzər keçmiş deputatı olub – nocomment.az.). Sakitləş! Sakitləş, sənə deyirəm!”, – deyə Marukyan kürsüdən qışqırmalı olub.
Deputatlar növbəti döyüşün qarşısını almaq üçün yenidən kürsünün və Mikayelyanın iş yerinin ətrafına toplaşıblar. Qəzəbli deputatları sakitliyə əməl etməyə çağırmağın mümkün olmadığını başa düşən spiker iclası dayandırıb.












