Son illər Bakıda fəaliyyət göstərən qorxu evləri xüsusilə yeniyetmələr və gənclər arasında populyar əyləncə növlərindən birinə çevrilib. Adrenalin yaşamaq, dostlarla fərqli təcrübə qazanmaq və qorxu hissini sınamaq istəyənlər bu məkanlara üz tutur. Bəs qorxu evləri uşaq və yeniyetmələrin psixologiyasına necə təsir edir? Bu cür məkanlar hansı yaş qrupundakı uşaqlar üçün uyğun hesab edilmir? Həssas, təşvişə meylli və ya travma keçirmiş uşaqlar üçün qorxu evləri hansı riskləri yarada bilər?
NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı danışan psixoloq-pedaqoq Zeynəb Əyyubovanın sözlərinə görə, son illərdə qorxu evləri gənclər arasında populyar əyləncə növünə çevrilib:
“Sağlam psixikaya malik və emosiyalarını idarə etməyi bacaran böyüklər üçün bu, sadəcə adrenalin yaşadan bir fəaliyyət ola bilər. Lakin uşaqlar və yeniyetmələrdə vəziyyət fərqlidir. Çünki onların sinir sistemi və emosional tənzimləmə bacarıqları hələ tam formalaşmayıb. Qorxu evləri xüsusilə 12 yaşdan kiçik uşaqlar üçün uyğun hesab edilmir. Hətta yeniyetmə yaşlarında belə uşağın psixoloji vəziyyəti mütləq nəzərə alınmalıdır. Yaş göstəricisindən daha vacib olan onun emosional yetkinliyi, qorxuya reaksiyası və psixoloji dayanıqlığıdır”.
Psixoloq bildirib ki, həssas, təşvişə meylli, panik atak keçirmiş və ya hər hansı psixoloji travma yaşamış uşaqlarda qorxu evləri güclü stress reaksiyasına səbəb ola bilər:
“Belə hallarda yuxu pozuntuları, kabuslar, narahatlıq hissinin artması, valideyndən ayrılmaq istəməmə, hətta uzunmüddətli təşviş əlamətləri müşahidə oluna bilər. Bəzi uşaqlarda əvvəllər yaşanmış travmatik xatirələr yenidən aktivləşə bilər. Bundan əlavə, qorxuya məruz qalmaq hər uşaq üçün eyni təsir göstərmir. Bəzi uşaqlar bunu əyləncə kimi qəbul etsələr də, digərləri yaşadıqları hissləri uzun müddət emal edə bilmirlər. Bu da onların gündəlik həyatına, məktəb fəaliyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərə bilər”.
Z.Əyyubova vurğulayıb ki, valideynlər övladlarını belə məkanlara aparmazdan əvvəl onların yaşını, psixoloji xüsusiyyətlərini və qorxuya həssaslığını nəzərə almalıdırlar. Əgər uşaq artıq təşviş pozuntusu, fobiya və ya travma tarixçəsinə malikdirsə, belə əyləncələrdən uzaq durmaq daha məqsədəuyğundur:
“Unutmaq olmaz ki, əyləncə uşağın inkişafına müsbət emosiyalar qazandırmalı, onda uzunmüddətli qorxu və narahatlıq yaratmamalıdır. Əgər hər hansı fəaliyyət uşaqda davamlı psixoloji gərginlik yaradırsa, bu artıq əyləncə deyil, onun emosional sağlamlığı üçün risk faktoruna çevrilə bilər”./yenisabah/











