Gecə yarısı Qarabağdan yüzlərlə erməni əsgər təcili təxliyə edilib

Gecə yarısı Qarabağdan yüzlərlə erməni əsgər təcili təxliyə edilib

Dünən axşam saatlarında qondarma qurumun qanunsuz hərbi birləşmələrində çaxnaşma başlayıb.

NOCOMMENT ordu.az-a istinadən xəbər verir ki, komandanlıq Ermənistandan olan çağırışçıları cəld toplayaraq, onlara erkən tərxis olunduqlarını bildirib.

Qoşunların Ermənistana ən qısa zamanda və sakitcə daşınması üçün gecə saatlarında avtobuslar sürətlə təşkil edilərək hərbi hissələrə göndərilib. Gecə yarısından sonra ondan çox avtobus eyni vaxtda yola düşüb.

Erməni əsgərlərdən biri Yerevan.today ilə söhbətində vəziyyəti təsvir edərkən qeyd edib ki, həmin gecə 10 noyabr sübhünün səhnəsi təkrarlanıb. Onun sözlərinə görə, Laçın yolu çətin köç yoluna çevrilib.

Əsgərlər gecə İrəvana gətirilib, onları “Fəhlə heykəli”nin yanında düşürüblər. Valideynlərin hamısına vaxtından əvvəl tərxis olunan övladlarını keçmiş hərbi hissədə qarşılamaları üçün xəbər verə bilməyiblər.

Yerevan.Today Ararat və Kotaykdan olan erkən tərxis olunmuş əsgərlər və onların qohumları ilə əlaqə saxlayaraq məlumatı təsdiqləyib. Ailələr övladlarını sağ-salamat qarşıladıqlarına sevinsələr də, tərxis olunma şərtlərinin pozulduğu, oğullarının vaxtından əvvəl, zorla evlərinə göndərildiyi üçün təşvişə düşüblər.

Sayt bütün bunlarla bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət etsə də, hələlik cavab almayıb.