Qondarma soyqırımın 105 illiyini qeyd edən ermənilərə növbəti zərbə Ukrayndan gəlib – Ukrayna Xarici İşlər Nazirliyi 1915-ci il hadisələrini tanımadığını ifadə edən sənəd yayımlayıb.
NOCOMMENT.az xarici mediaya istinadən bildirir ki, Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnarın imzaladığı sənədin surətini jurnalist Andrey Mançuk sosial şəbəkələrdə paylaşıb.
Sənəddən də göründüyü kimi, Xarici İşlər Nazirliyi 6 obyektiv amil əsasında soyqırımı tanımadığını bildirib:
1. Soyqırım anlayışı beynəlxalq hüquqi statusunu 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasının 260 nömrəli qətnaməsi ilə Birləşmiş Millətlər Təşkilatının Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyasını qəbul edilməsindən sonra alıb. Konvensiyada soyqırım, hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilən hərəkətlərə aid edilib;
2. Beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq Rusiya Federasiyasının xarici siyasətinin dəstəkçisi olan Ermənistan ardıcıl olaraq Ukrayna üçün vacib olan qərar və qətnamələrə qarşı səs verib;
3. Ermənistan 1932-1933-cü illərdə Ukraynada baş verən Holodomoru (Ukrayna xalqının soyqırımı) rəsmi olaraq tanımayıb;
4. 1915-ci il Osmanlı İmperiyasındakı faciəli hadisələrin tanınması / qeyd edilməsi Ukraynanın strateji tərəfdaşı olan Türkiyə üçün son dərəcə həssas bir mövzudur;
5. Türkiyə tərəfinin fikrincə, bu faciəli hadisələr o dövrün hərbi reallıqlarının nəticəsi idi və erməni əhalisinin məqsədyönlü şəkildə məhv edilməsi deyildi;
6. Qeyd olunan məsələ tarixi bir müstəvidə erməni və türk tarixçiləri arasında obyektiv açıq araşdırma tələb edir.
“Buna görə də, erməni diasporunun 1915-ci il hadisələrinə hörmətlə yanaşmaq istəyini başa düşürük, ancaq yuxarıda deyilənləri nəzərə alaraq rəsmi səviyyədə mümkün anım tədbirlərində iştirak etməkdən, həmçinin “erməni xalqının soyqırımı” və ya “ermənilərin soyqırımı” ifadələrindən istifadə etməkdən çəkinirik”, – deyə sənədə yekun vurulub.













