Azərbaycanın Rusiyaya NOTA-sı: Hansı nəticələri olacaq?

Azərbaycanın Rusiyaya NOTA-sı: Hansı nəticələri olacaq?

Xəbər verdiyimi kimi, Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb. Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət etdiyi qeyd olunub. Görüşdə həmçinin Azərbaycanın Kiyevdəki səfirliyinin və Xarkov şəhərində yerləşən Fəxri Konsulluğun binalarının zərər gördüyü bir neçə hava zərbələrinə diqqət yönəldilib, Vyana Konvensiyalarına uyğun olaraq diplomatik və konsulluq nümayəndəliklərinin binalarının qorunması üzrə öhdəliklərə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb. Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Qeyd edək ki, iyulun 5-i axşam saatlarında Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Azər Hüseynov qeyd edib ki, Rusiyanın Mikolayivdə SOCAR yanacaqdoldurma məntəqəsini dronla hədəf alması və Azərbaycan XİN-in buna verdiyi kəskin rəsmi reaksiya, iki ölkə arasındakı münasibətlərdə yaranmış dərin etimad böhranının göstəricisidir: "Azərbaycan dövləti Rusiya səfirinə rəsmi nota verməklə bəyan etdi ki, bizim diplomatik dözümümüzün də müəyyən sərhədləri var. Diqqət yetirsək görərik ki, XİN-in bəyanatında bu hücumların artıq 'məqsədyönlü' xarakter daşıdığı açıq şəkildə vurğulanır. Bu, kifayət qədər ağır və ciddi diplomatik ittihamdır. Rusiya ordusu Ukraynanın logistik şəbəkəsini iflic etmək bəhanəsi ilə dəfələrlə SOCAR-ın Odessadakı neft bazalarını, qazpaylayıcı stansiyalarını və yanacaqdoldurma məntəqələrini vurub, həm maddi ziyan vurub, həm də vətəndaşlarımızın yaralanmasına səbəb olub. Bakı bunun təsadüfi olmadığı qənaətindədir və Moskvanın bu aqressiv addımları arxasında müəyyən siyasi təzyiq rıçaqları axtarır. Xüsusilə Kiyevdəki səfirliyimizin və Xarkovdakı Fəxri Konsulluğumuzun Vyana Konvensiyası kobud şəkildə pozularaq zərər görməsi Azərbaycanın dövlət suverenliyinə qarşı hörmətsizlik kimi qəbul edilir və Kreml bunun izahatını mütləq verməlidir".

Ekspertin sözlərinə görə, rəsmi Bakının bu sərt gedişi Moskvanı öz hərbi planlamalarında Azərbaycan faktorunu və mülki obyektlərini mütləq şəkildə nəzərə almağa məcbur edəcək: "Rusiya bu hücumları sadəcə 'Ukrayna infrastrukturu vurulur' adı altında ört-basdır edə bilməz. SOCAR beynəlxalq brenddir və onun mülkiyyəti toxunulmazdır. Səfir Yevdokimova təqdim edilən nota Moskvada ciddi şəkildə analiz edilməlidir. Əgər Rusiya tərəfi qeyd olunan faktlar üzrə hərtərəfli araşdırma aparıb rəsmi izahat verməsə və beynəlxalq öhdəliklərinə riayət etməsə, bu, Bakı ilə Moskva arasındakı strateji tərəfdaşlıq bəyannaməsinin ruhuna zərbə vuracaq. Azərbaycan bəzi böyük güclər kimi öz maraqlarını kənarda qoyub susan dövlət deyil. Bu kəskin etiraz həm də bütün regional aktorlara mesajdır ki, dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq Azərbaycanın dövlət bayrağı və aktivi olan hər bir obyekt dövlətin tam qoruması altındadır. Moskva dərhal preventiv addımlar atmalı, SOCAR və diplomatik korpus binalarının koordinatlarını öz hərbi hədəf xəritələrindən silməlidir, əks halda bu gərginlik iki tərəfli iqtisadi və diplomatik əlaqələrə bərpaolunmaz ziyan vuracaq".

Tunar,
NOCOMMENT.az