Bakıda məxfi görüş skandalı: İlham Əliyevdən sərt reaksiya və "Four Seasons" sirri

Bakıda məxfi görüş skandalı: İlham Əliyevdən sərt reaksiya və "Four Seasons" sirri

Britaniyanın nüfuzlu "The Times" nəşrinin yaydığı məlumat və Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında səsləndirdiyi bəyanatlar paytaxt Bakıda hər kəsdən gizli şəkildə baş tutmuş sensasion diplomatik təmasları gündəmin mərkəzinə gətirib.

Paytaxtın mərkəzində yerləşən dəbdəbəli "Four Seasons" otelində Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburg əyalətinin sabiq baş naziri Matias Platsek ilə Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafına daxil olan – "Qazprom"un Direktorlar Şurasının sədri Viktor Zubkov və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyevin qapalı görüş keçirməsi beynəlxalq müstəvidə böyük rezonans doğurub. Almaniyanın digər Avropa müttəfiqlərinin də narahatlıqla izlədiyi bu gizli sammitin məhz rəsmi Bakının xəbəri olmadan təşkil olunması və Azərbaycan ərazisinin vasitəçi kimi istifadə edilməsi suallar doğurur: Qərb və Moskva elitası niyə məhz Bakını seçdi və bu məxfi missiya arxasında hansı geosiyasi maraqlar dayanır?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Əli Əkbəroğlu qeyd edib ki, Almaniya və Rusiya nümayəndələrinin Bakıda rəsmi Bakıdan xəbərsiz şəkildə bir araya gəlməsi təsadüfi deyil və bu, Azərbaycanın qlobal diplomatiya xəritəsində əldə etdiyi etibarlı neytral meydança statusunun birbaşa nəticəsidir: "Prezident İlham Əliyevin sərhəd xidmətinin statistikasına istinadən bu faktı açıq şəkildə ictimailəşdirməsi Azərbaycanın öz suveren ərazisində baş verən proseslərə nə dərəcədə nəzarət etdiyini və heç bir gizli oyuna göz yummadığını nümayiş etdirir. Alman və rus siyasətçilərinin məhz Bakını seçməsinin səbəbi odur ki, bu gün Azərbaycan həm Qərb, həm də Rusiya ilə sağlam, balanslı münasibətləri qoruyub saxlayan yeganə təhlükəsiz platformadır. Lakin rəsmi Bakıya məlumat verilmədən arxa planda belə görüşlərin keçirilməsi diplomatik etikaya ziddir və Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olub".

Onun sözlərinə görə, bu məxfi təmaslar pərdəarxasında Rusiya-Ukrayna müharibəsinin dayandırılması və ya Qərb ilə Moskva arasında hər hansı bir gizli sülh parametrlərinin müzakirəsi ilə bağlı ola bilər: "Prezidentin də qeyd etdiyi kimi, əgər bu cür görüşlər regionda və ya Ukraynada sülhün bərqərar olmasına xidmət edəcəksə, Azərbaycan bunu prinsipcə alqışlayır, çünki ölkəmiz hər zaman sülh tərəfdarıdır. Lakin böyük dövlətlərin Bakının neytrallığından və təhlükəsiz mühitindən sui-istifadə edərək yerli hakimiyyətdən xəbərsiz addımlar atması qəbuledilməzdir. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan artıq qlobal siyasi bazarlıqların və gizli diplomatiyanın diqqət mərkəzində olan əsas geosiyasi mərkəzlərdən biridir və heç bir tərəf Bakının mövqeyini nəzərə almadan bölgədə uzunmüddətli oyun qura bilməz".