Ermənistan silahlanır - Yeni müharibə hazırlığı, yoxsa...

Ermənistan silahlanır - Yeni müharibə hazırlığı, yoxsa...

Ermənistanın sülh bəyanatlarının pərdəarxasında hərbi arsenalını sürətlə və aqressiv şəkildə genişləndirməsi, o cümlədən Hindistandan uzun mənzilli hücum silahları əldə etmək istiqamətində son addımları bölgədə gərginliyi yenidən pik həddə çatdırır.

"BusinessLine" nəşrinin yaydığı məlumatlara görə, İrəvanın Yeni Dehli ilə Rusiya istehsalı olan "Su-30SM" qırıcılarına inteqrasiya edilə bilən Hindistan istehsalı "Astra" tipli "hava-hava" raketlərinin alınması üzrə danışıqları yekun mərhələyə çatdırması, Ermənistan hərbi rəhbərliyinin əsl niyyətlərini açıq şəkildə üzə çıxarır. Sürəti 4.5 Max-a çatan və 110 kilometrdən artıq məsafədə hədəfləri məhv etmək imkanına malik bu raketlərin təkmilləşdirilmiş versiyalarının da hədəfdə olması İrəvanın revanşist planlarından əl çəkmədiyini nümayiş etdirir. Sözdə sülh və regional əməkdaşlıq mesajları verən Ermənistanın praktiki olaraq hərbi potensialını hücum xarakterli silahlarla gücləndirməsi Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunmasına əsas təhlükə yaradan başlıca amilə çevrilib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Elçin Xalidbəyli qeyd edib ki, Ermənistanın Hindistandan və digər dövlətlərdən bu tip strateji hücum silahları alması İrəvanın sülh sazişindən yayınmaq və gələcək hərbi təxribatlara hazırlaşmaq məqsədi güddüyünü açıq şəkildə sübut edir: "Ermənistan hakimiyyəti beynəlxalq tribunalarda və diplomatik platformalarda sülh göyərçini rolunu oynamağa çalışsa da, reallıqda hərbi büdcəsini maksimuma qaldıraraq ölkəyə hücum silahları daşıyır. 'Astra' kimi yüksək dəqiqlikli və uzun mənzilli raketlərin 'Su-30SM' qırıcılarına quraşdırılması məqsədli şəkildə məhz Azərbaycana qarşı təzyiq və hədə-qorxu vasitəsi kimi nəzərdə tutulub. İrəvan yaxşı başa düşür ki, iqtisadi və demoqrafik resursları Azərbaycanla uzunmüddətli hərbi rəqabət aparmağa imkan vermir, buna görə də xarici havadarlarının köməyi ilə sərhəddə yeni gərginlik ocaqları yaratmağa çalışır".

Onun sözlərinə görə, Ermənistanın bu cür silahlanma siyasəti regionda yeni münaqişə ehtimalını artırır və rəsmi Bakı bu təhdidləri hər zaman diqqətlə izləyərək adekvat tədbirlər görməyə qadirdir: "Hindistanın bu prosesdə İrəvana silah ixracatçısı kimi qoşulması Cənubi Qafqazda qüvvələr balansını pozmağa yönəlmiş səhv geosiyasi addımdır. Lakin Ermənistanın hansı hücum silahlarını almasından asılı olmayaraq, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını dərhal və sarsıdıcı şəkildə almağa hazırdır. İrəvanın bu hərbi avantürası yalnız onun daxili iqtisadiyyatını daha da çökdürməklə nəticələnəcək, çünki Azərbaycanın hərbi-texniki üstünlüyü və strateji təşəbbüsü qarşısında heç bir "Astra" raketi Ermənistana hərbi üstünlük qazandıra bilməz".

Tunar,
NOCOMMENT.az