Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilən Fuad Nəcəfliyə yeni vəzifə verilməsi barədə məlumat yayılıb. Onun Azərbaycanın aparıcı neft-kimya şirkəti olan STP Şirkətlər Qrupunda yeni posta getdiyi iddia edilib. Bu onunla bağlı müxtəlif iddialar fonunda diqqət çəkir. Belə ki, bir qədər əvvəl F.Nəcəflinin barəsində cinayət işinin açıldığı deyilirdi. Lakin bununla bağlı hər hansı məhkəmə qərarı yoxdur.
Haqqında belə ciddi iddialar dolaşan şəxsin vəzifəyə təyin olunması nə dərəcədə doğrudur?
NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib ki, Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması ilə bağlı yayılan məlumatlar inandırıcı görünmür:
“Bu məsələni araşdırdım və əldə etdiyim məlumata görə, sözügedən təyinat xəbəri həqiqəti əks etdirmir. Ümumiyyətlə, onun hər hansı vəzifəyə təyin olunması məntiqli deyil. Çünki fəaliyyəti ilə bağlı ciddi suallar var. O, ilk növbədə Naxçıvanda taxıl fondu ilə bağlı iddialara aydınlıq gətirməli, həmin məsələlər üzrə hesabat verməlidir. Lakin bəzən gözlənilməz qərarlar qəbul olunur. Ona görə də belə bir təyinat gerçək olarsa, təəccüblənmək lazım deyil”.

Heydər Oğuz
H.Oğuz bildirib ki, iddialara görə, Fuad Nəcəfli Sumqayıt Sənaye Parkında məsləhətçi vəzifəsinə təyin edilib:
“Amma onun bu vəzifədə hansı sahə üzrə töhfə verə biləcəyi müəmmalıdır. Belə bir adam nəyin məsləhətini verə bilər? Ehtiyat, strateji fondların məhvedilmə mexanizmləri barədə məsləhət verəcək? Onun təhsili ilə bağlı da müxtəlif iddialar var. Universitetdən qovulduğu deyilir. Hətta daşıdığı diplom da saxtadır. Bu məsələlər aidiyyəti dövlət qurumları tərəfindən araşdırılarsa, çox ciddi nəticələr ortaya çıxar. Bütün bunları nəzərə aldıqda, Fuad Nəcəflinin yeni vəzifəyə təyin olunması barədə yayılan məlumatlar hazırkı mərhələdə inandırıcı görünmür”.












