Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın xarici siyasəti və qonşu dövlətlərlə münasibətləri ilə bağlı səsləndirilən əsassız iddialara sərt cavab verib.
NOCOMMENT.az xəbər verir ki, Hikmət Hacıyev Azərbaycanın heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı hərəkətlər üçün istifadəsinə yol verməyəcəyini bəyan edib.
Prezidentin köməkçisi qeyd edib ki, İran bizim üçün qardaş ölkədir, çünki Araz çayının o biri sahilində bizim qardaşlarımız yaşayır.
Azərbaycan ərazisinin guya "Mossad" tərəfindən istifadə edilməsi ilə bağlı iddialara toxunan H.Hacıyev bunun tamamilə əsassız olduğunu vurğulayıb: "Birincisi, bizim üçün ərazimizin azadlığı və suverenliyi əsas prinsipdir. İkincisi, Azərbaycan heç vaxt öz ərazisinin hər hansı qonşu dövlətə qarşı istifadəsinə imkan verməyəcək. Üçüncüsü, sərhədin o tayında yaşayan insanlara qarşı mənəvi borcumuz var. Onlar bizim qardaşlarımızdır, necə yol verə bilərik? Dördüncüsü, texniki cəhətdən bu, ümumiyyətlə, necə mümkündür? İsrail bura necə gələ bilərdi? Bunun üçün Türkiyə ərazisindən keçməli idi. Nə Türkiyə, nə də Azərbaycan buna heç vaxt imkan verməz. Bütün bu iddialar çirkli təbliğatın elementləridir".










