İsrailin Baş naziri Benyamin Netanyahu yaydığı video müraciətdə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi və ölkənin əsas strateqi Əli Laricaninin məhv edildiyini rəsmi şəkildə təsdiqləyib. Baş nazir çıxışı zamanı qarşıda hələ “çoxlu sürprizlərin” olduğunu vəd edərək bildirib ki, bu addımlar İran xalqına öz taleyini öz əllərinə almaq şansı vermək məqsədi daşıyır. Laricaninin dəqiq zərbə ilə sıradan çıxarılması İranı görünməmiş sistemli kollapsla üz-üzə qoyur. Fevralın sonunda ali lider Əli Xameneyinin vəfatından sonra Laricani, SEPAH-ın hərbi elitası ilə mülki dövlət aparatının qalıqları arasında balansı qoruya bilən sonuncu fiqur idi. Təsadüfi deyil ki, rəhbər ölümündən az əvvəl öz faktiki varisi kimi məhz ölkənin ən qüdrətli klanlarından birinin rəhbəri olan bu şəxsi seçmişdi.
NOCOMMENT.az xəbər verir ki, Netanyahu İsrailin İran rejiminə qarşı həyata keçirdiyi əməliyyatların məqsədini belə izah edib: “Biz bu rejimi sarsıdırıq ki, İran xalqına ondan azad olmaq imkanı yaradaq. Bu, dərhal baş verməyəcək və asan olmayacaq. Lakin biz israrlı olsaq, onlara öz taleyini öz əllərinə almaq şansı verəcəyik”. Analitiklər qeyd edir ki, Əli Laricani sadəcə bir məmur deyil, müharibə şəraitində rejimin sağ qalma memarı və baş diplomatı idi. Onun “Bəsic” komandanı Qolamreza Süleymani ilə birlikdə ləğv edilməsi İran dövlətçiliyinin strukturuna ağır zərbədir. Birincisi, Laricanisiz hakimiyyətin strateji fəaliyyətsizliyi dövrü başlayır. Xameneyinin oğlu Müctəba hələ ki, “fantom rəhbər” təsiri bağışlayır. Laricani Moskvanın əsas əlaqə kanalı olmaqla yanaşı, Pekinlə də sanksiyalardan yan keçməklə kritik texnologiyaların tədarükünü koordinasiya edirdi. Onun gedişi Tehranın müttəfiqlərdən operativ kəşfiyyat məlumatları almaq imkanlarını kəskin şəkildə məhdudlaşdırır.
İkincisi, qərar qəbulu vertikalı dağılır. “Praqmatik mühafizəkar” hesab olunan Laricaninin ölümü rejimi intellektual çeviklikdən məhrum edir. Hakimiyyət artıq yalnız SEPAH-ın radikal komandirlərinin əlinə keçir ki, bu da regional təhlükəsizliyi nəzərə almadan nəzarətsiz eskalasiyaya yol aça bilər. Eyni zamanda, “Hizbullah” və husilər vahid siyasi koordinasiya mərkəzini itirir, bu da onların dağınıq və fərdi zərbələr taktikasına keçməsinə səbəb olur. Hazırda Tehranda “idarəolunan xaos” hökm sürür. Rəsmi dairələr sükutu qoruyaraq “informasiya dumanı” yaratsalar da, hökumət məhəllələrində panika yaşanır, SEPAH generallarının ailələri paytaxtı tərk etməyə çalışır. Əgər yaxın saatlarda rejim tərəfindən ciddi bir sübut təqdim olunmasa, bu sükut Laricaninin ölümünün de-fakto etirafı sayılacaq və İranın mövcud sisteminin tamamilə parçalanmasına yol açacaq.
Əli Səfərli,
NOCOMMENT.az











