İran–ABŞ və İran–İsrail gərginliyinin artdığı bir dövrdə İranın Naxçıvan istiqamətini hədəf alması regionda yeni təhlükəsizlik riskləri ilə bağlı müzakirələri gücləndirib. Analitiklər hesab edir ki, bu hadisə təkcə sərhəd insidenti kimi qiymətləndirilə bilməz və Cənubi Qafqazda geosiyasi balanslara təsir edə biləcək ciddi siqnallar verir.
NOCOMMENT.az xəbər verir ki, bu sözləri hərbi ekspert Səxavət Məmməd deyib.
O qeyd edib ki, İranın Naxçıvan istiqamətini hədəf alması Azərbaycanın uzun illər həyata keçirdiyi mehriban qonşuluq siyasətinə tamamilə ziddir.
Ekspert bildirib ki, rəsmi Bakı dəfələrlə və ən yüksək səviyyədə Azərbaycanın ərazisindən İrana qarşı hər hansı hərbi əməliyyatlarda istifadə olunmayacağını bəyan edib.
Səxavət Məmmədin sözlərinə görə, Azərbaycan rəhbərliyi İranla münasibətlərdə hər zaman balanslı və ehtiyatlı mövqe nümayiş etdirib.
“Azərbaycan Prezidenti İranın ali dini liderinin həlak olması ilə bağlı Azərbaycanın İrandakı səfirliyini ziyarət edib və dinc insanların öldürülməsini pisləyib. Buna baxmayaraq, İranın Naxçıvan istiqamətini hədəf alması ölkəmizin nümayiş etdirdiyi siyasi jestlərə və mehriban qonşuluq siyasətinə ziddir”, – o bildirib.
Ekspert vurğulayıb ki, İranın Naxçıvana dron hücumu sadəcə sərhəd insidenti kimi qiymətləndirilə bilməz.
Onun sözlərinə görə, bu addım Azərbaycanın suverenliyinə və “qırmızı xəttinə” birbaşa qəsd kimi qiymətləndirilməlidir.
Səxavət Məmməd qeyd edib ki, Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyən edilib və bu məsələ xüsusi həssaslıq daşıyır.
“Unutmaq olmaz ki, Naxçıvan 1921-ci il Qars müqaviləsi ilə beynəlxalq statusu müəyyən edilmiş və Türkiyənin zaminliyinin nəzərdə tutulduğu bir ərazidir. İranın Naxçıvanı hədəf alması eyni zamanda Türkiyənin təhlükəsizlik çətirinə və regiondakı balanslara meydan oxumaq kimi də qiymətləndirilə bilər”, – ekspert bildirib.
O əlavə edib ki, son günlər informasiya məkanında yayılan bəzi xəbərlər də diqqət çəkir.
Ekspertin sözlərinə görə, bir müddət əvvəl müxtəlif teleqram kanallarında Azərbaycanın İran sərhədinə qoşun cəmləşdirməsi ilə bağlı məlumat yayılıb, lakin aparılan araşdırma nəticəsində bu məlumatların reallığı əks etdirmədiyi məlum olub.
Səxavət Məmməd bildirib ki, həmin məlumatların müxtəlif ölkələrin teleqram kanalları vasitəsilə tirajlandığı müəyyən edilib.
“Bu kanallar arasında Ukrayna, Rusiya, Ermənistan, Polşa və Türkiyə teleqram kanalları da var idi. Hətta iki kanalın rəhbərinin erməni olduğu da müəyyən edildi. Daha sonra Azərbaycanın bəzi teleqram kanalları qeyri-rəsmi məlumat yayaraq ölkəmizin İran sərhədinə qoşun cəmləşdirmədiyini bildirdi”, – o qeyd edib.
Ekspert hesab edir ki, yayılan həmin informasiya ilə Naxçıvana edilən hücum arasında müəyyən əlaqə ehtimalı istisna edilmir.
“İddia etmirəm ki, İran məhz həmin məlumatlara görə bu addımı atıb. Çünki söhbət Naxçıvandan deyil, digər istiqamətlərdən gedirdi. Ancaq bu informasiya ilə baş verən hadisə arasında müəyyən əlaqənin olması inandırıcı görünür”, – o vurğulayıb.
Səxavət Məmməd əlavə edib ki, SEPAH tərəfindən İsrailə gedən neft kəmərlərinin hədəfə alınacağı ilə bağlı xəbərdarlıqlar da regionda gərginliyin genişlənə biləcəyini göstərən siqnallar idi.
Onun sözlərinə görə, Cənubi Qafqaz heç vaxt tam şəkildə müharibə riskindən sığortalanmış region olmayıb.
Ekspert bildirib ki, İranın regiondakı bəzi layihələrə qarşı sərt mövqeyi də proseslərin gələcək inkişafına təsir göstərə bilər.
Səxavət Məmməd qeyd edib ki, İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyi bir şəraitdə regionda daha geniş hərbi ssenarilər də istisna edilmir.
O vurğulayıb ki, belə bir vəziyyətdə İranın müxtəlif bəhanələrlə regiona müdaxilə ehtimalı da müzakirə mövzusu olaraq qalır.
Ekspertin fikrincə, Cənubi Qafqaz və Xəzər regionu Rusiya üçün də strateji baxımdan son dərəcə həssas bölgələrdir.
“Əgər proseslər daha da dərinləşərsə, Rusiyanın da hadisələrə müdaxilə etməsi ehtimalı yüksəkdir”, – o bildirib.
Sonda ekspert ümid etdiyini bildirib ki, vəziyyət daha da gərginləşməyəcək və regionda proseslər nəzarətdən çıxmayacaq.
Tunar
NOCOMMENT.az












