İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müdafiə sənayesində xarici asılılığa son qoyaraq, tam müstəqilliyə nail olmaq niyyətində olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, Netanyahu bu barədə iyunun 18-də İsrail Müdafiə Qüvvələrinin (İMQ) ehtiyatda olan zabitləri ilə görüşündə bildirib. Baş nazir ABŞ-ın İsrailə göstərdiyi dəstəyi yüksək qiymətləndirsə də, strateji müstəqilliyin zəruri olduğunu vurğulayıb:
"Mən bizə dost olan amerikalıların dəstəyini yüksək qiymətləndirirəm, lakin biz bu asılılıqdan azad olmalıyıq. Bizim öz müstəqil silah sistemlərimiz olmalıdır və biz artıq öz silahlarımızı özümüz istehsal edirik".
Netanyahu bildirib ki, İran və onun dəstəklədiyi qüvvələrlə mübarizədə İsrailin gələcəyi yalnız onun öz gücündən asılıdır. O, bu məqsədlə İsrailin müdafiə sənayesinin daha da gücləndirilməsi üçün genişmiqyaslı proqramların icra edildiyini qeyd edib. Hökumət rəhbərinin sözlərinə görə, qarşıdakı onillikdə müdafiə büdcəsinə əlavə olaraq 350 milyard şekel (təxminən 90 milyard dollardan çox) yatırılacaq ki, bu da İsrailin xarici mənbələrdən asılılığını minimuma endirəcək.
Baş nazir əlavə edib: "Biz daha çox güc toplamalı, yeni texnologiyalar tətbiq etməli və komandir nəsilləri yetişdirməliyik. Çünki sonda harada olacağımızı müəyyən edən məhz budur".
Qeyd edək ki, İsrail hökuməti müdafiə infrastrukturunun yeraltı bunkerlərə köçürülməsi və daxili hərbi istehsalın artırılması istiqamətində ciddi addımlar atır. Bu siyasət İsrailin regiondakı təhlükəsizlik mühitini "müstəqil güc" prinsipi əsasında yenidən formalaşdırmaq cəhdi kimi xarakterizə olunur.
Əli Səfərli,
NOCOMMENT.az












